GDU-nin Tələbə Gənclər Təşkilatının fəaliyyəti ilə əlaqədar görüş keçirildi. Regiontv.info xəbər verir ki, 01 dekabr 2021-ci il tarixində Gəncə Dövlət Universitetinin II korpusunun akt zalına Tələbə Gənclər Təşkilatının (TGT) 2021-ci il ərzində gördüyü işlərlə bağlı görüş baş tutdu. Tədbiri giriş sözü ilə açan GDU-nun rektorunun müşaviri Asif Cavadov, 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində tələbə gənclərin xüsusi fəallıq göstərdiyini qeyd edərək tələbələrin vətənpərvərlik ruhunda yetişməsində tələbə gənclər təşkilatlarının da əhəmiyyətli rol oynadığını vurğulayıb. A.Cavadov GDU-da Tələbə Gənclər Təşkilatının Universitetin ictimai həyatında yaxından iştirakı üçün yaradılmış şəraitdən bəhs edib. Görüşdə tələbələrin sosial fəaliyyətinin strategiyasında dəyişikliklər, tələbə-gənclər təşkilatları və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyi bildirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov GDU TGT-nin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd edib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, layiqli missiyası, təqdirəlayiq fəaliyyəti, ölkənin və regionun ictimai və sosial həyatında GDU-nun tələbə gənclərinin şanlı “Zəfər ilində “ fəal olduqlarını vurğulayıb. Həmid Nəsirov TGT-nin fəaliyyəti ilə bağlı təkliflərini bildirib və Baş idarənin TGT-ə daim dəstək olacağını sözlərinə əlavə edib. GDU-nin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və GDU Tələbə Gənclər Təşkilatının iş və tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə Tələbə Gənclər Təşkilatı üzvlərinin aktiv iştirak etdiyini qeyd etmiş və növbəti ildədə bu aktiv fəaliyyətin davam edəcəyini söyləmişdir. Görüşdə GDU Tələbə Gənclər Təşkilatı haqqında ümumi məlumat verilib. TGT-nin yaranması, fəaliyyəti, əlaqələri, tərkibi, gördüyü işlər və qarşıda duran prioritet məsələlərdən danışılıb. Qeyd olunub ki, özünü idarəetmə orqanı olan GDU TGT-nin tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndimək, onların gələcək strategiyalarını qurmağa dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etmək kimi məqsədlərinə xidmət etdiyini vurğuladı. Görüşdə TGT-nin nəzdində fəaliyyət göstərən fakültə sədrləri öz fəaliyyətləri haqqında hesabat xarakterli məlumat verdilər.
RegionTV.info
Xəbəri paylaş