Böyük Britaniyada koronavirusun yeni "omikron" adı verilmiş ştammına daha bir yoluxma halı qeydə alınıb.
RegionTV.info-nun məlumatına görə, bu barədə "BBC News" telekanalı ölkənin Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyinə istinadən xəbər verib.
Məlumata əsasən, yoluxma halı Londonda Cənubi Afrikadan gələn vətəndaşda aşkarlanıb. Bildirilir ki, yoluxan şəxs artıq Böyük Britaniyanı tərk edib.
Qeyd edilir ki, yaxın günlərdə ölkədə "omikron" ştammına yeni yoluxma hallarının aşkarlanacağı gözlənilir.
Xatırladaq ki, bu, Böyük Britaniyada "omikron" ştammına qeydə alınan artıq üçüncü yoluxma halıdır. İlk iki yoluxma halı noyabrın 27-si qeydə alınmışdı.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.
Xəbəri paylaş