RegionTV.info
Gəncədə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya təşkil olunub. 23, 24 və 26 noyabr 2021-ci il tarixlərində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşklilatçılığı, Gəncə Şəhər Təhsil İdarəsinin və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin dəstəyi ilə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya təşkil olunub. Tədbir Gəncə şəhərində fəaliyyət göstərən 1, 16, 20, 25, 32, 39 nömrəli tam orta məktəblərdə reallaşıb. Aksiyada Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə və Baş İdarənin digər əməkdaşları, Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru, polis mayoru Hacı Həsənov, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndəsi Elşən Məmmədov, 300 nəfərdən artıq məktəbli, KİV nümayəndələri, müəllim və valideynlər iştirak edib. Tədbirin əsas məqsədi yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində tədrisin ənənəvi şəkildə təşkilini nəzərə alaraq uşaq və yeniyetmələrin küçə və yollarda hərəkəti zamanı həyat və sağlamlıqlarının qorunması, onların yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyəti barədə məlumatların verilməsidir. Yol polisi əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisələrinin qarşısında yerləşən yollarda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib. Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə şagirdlərin diqqətinə çatdırılması üçün Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış və yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş əyani vəsaitlər təqdim olunmuşdur.
Xəbəri paylaş