RegionTV.info
"Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır".Bu fikri Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında səsləndirib.
O qeyd edib ki, Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır:
"Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq".
Görüşdə qəbul edilmiş üçtərəfli bəyanatda deyilir:
"Biz, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara son verən 9 noyabr 2020-ci il və regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 11 yanvar 2021-ci il bəyanatlarının icrasının gedişatını müzakirə etdik.
9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə və ciddi riayət olunmasına bağlılığımızı təsdiq etdik.
Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsində və təhlükəsizliyin təmin olunmasında vacib töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin yüksəldilməsi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı addımların atılması barədə razılığa gəldik.
11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyini vurğuladıq.
Rusiya bundan sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqı arasında etimad mühitinin formalaşması, eləcə də regionda mehriban qonşuluq münasibətlərinin qurulması üçün lazımi yardımı edəcək."
Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın də iştirak etdikləri üçtərəfli görüşün sonucları Azərbaycan üçün müsbətdir.
Belə ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu:
1. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.
2. Hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı.
3. Bəyanatda Qarabağ ifadəsinin olmamasının Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin əks olunmasıdır.
4. Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə "dəhliz" ifadəsini işlətməsinin Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsidir.
5. Yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmayıb.
6. Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilməsi önəmli məsələdir.
... Soçi görüşünün yekunu qismində qəbul edilmiş bəyanatın mətni o qədər də önəmli deyil, çünki sənəd maksimal dərəcədə neytral ruhda hazırlanıb. Üstəlik, Ermənistanın son bir ildəki davranışı göstərir ki, İrəvan imzaladığı sənədlərə və bəyanatlara əməl etmir.
Bəhs etdiyimiz məqamlara görə önəmli olan bəyanat yox, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında bağlı qapılar arxasında üç saat davam etmiş danışıqların real nəticələridir.
Beləliklə, Soçi görüşündə Bakının əldə etdiyi əsas uğurlar:
1) "Qarabağın statusu", "ATƏT-in Minsk Qrupu", "Qarabağ münaqişəsi" və s. kimi ermənilərin gündəmdə saxlamağa çalışdıqları aberrasiyaların heç biri sənəddə danışıqlarda, sonra da bəyanatda əksini tapmadı. Sənəddə "erməni hərbi əsirlər" ifadəsi də yoxdur. Olan "humanitar məsələlər"dir ki, ora da mina xəritələrinin verilməsi, köçkünlərin doğma yurdlarına qayıdışının tezləşdirilməsi və s.-dir.
2. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası olmadığından Nikol Paşinyanın "Azərbaycan hərbçiləri Ermənistan ərazisinə daxil olublar" tipli şikayətləri eşidilmədi. Tam əksinə, Paşinyana sərt şəkildə anladıldı ki, ötən ilin noyabrın 9-da və bu ilin yanvarın 11-də imzalanmış sənədlərin şərtlərinə qeyd-şərtsiz əməl etmək gərəkdir.
3. Rusiyanın dövlət başçısı Vladimir Putinin "nəqliyyat dəhlizləri" ifadəsini işlətməsi təsadüf deyil. Sənəddə Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədi ilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyini vurğulanıb. Söhbət burada məhz Zəngəzur dəhlizindən gedir.
"Zəngəzur dəhlizi" ifadəsini Nikol Paşinyan söyləməsə də, Ermənistanda bu söz birləşməsini ən müxtəlif forma və formatlara salsalar da, reallıqla mahiyyət dəyişməzdir.
4. Avtomobil və dəmiryol nəqliyyat kommunikasiyalarının açılması barədə razılaşma əldə olundu.
5. Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası məqsədilə indiyədək baş nazirlərin müavinləri formatında aparılan müzakirələr birgə komissiyanın yaradılması ilə daha da sürətlənəcək.
... Proseslər intensivləşir. Qarşıda dekabrın 15-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçiriləcək görüş var.
Xəbəri paylaş