Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində qeyri-rəsmi nikahda yaşadığı Ləman və onun anası Sevdaya (zərərçəkmişlərin adları şərti verilib - red.) xəsarət yetirib.
RegionTV.info bildirir ki, Sabirabad rayon sakini olan Şahin nikahdan kənar faktiki olaraq birgə yaşadığı Ləmana məxsus mobil telefonda onun keçmiş ərinin fotoşəkillərini aşkar edib, eləcə də Ləman və onun anası Sevda onların nikahdan kənar birgə yaşamalarına qarşı çıxması səbəbindən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Şahin bu il aprelin 28-də saat 21 radələrində Ləman və Sevdanın yaşadığı Xətai rayonundakı mənzilə gəlib. O, özündə bıçaqla ilk əvvəl qayınanası Sevdaya kürək nahiyəsindən bir dəfə qəsdən zərbə vurub, sonra həmin bıçaqla Ləmana da xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.
"Bir yerdə yaşamaq qərarına gəldik"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ilin əvvəllərində təsadüf nəticəsində Həzi Aslanov qəsəbəsində yerləşən marketlərin birində satıcı işləmiş Ləman ilə tanış olub: "Biz tanış olduqdan sonra bir-birimizin mobil telefon nömrələrini götürdük, əlaqə saxlamağa başladıq. Ləmanla bir müddət ünsiyyət saxladıqdan sonra münasibətlərimiz yarandığından görüşməyə başladıq. Biz görüşdükdən sonra aramızda sevgi münasibətləri yarandı. Belə olan halda Ləmanla qarşılıqlı razılıq əsasında bir yerdə yaşamaq qərarına gəldik".
"Münasibətlər pozulmağa başladı"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ilin fevralında qarşılıqlı razılaşmaları əsasında Ləman onun yaşadığı Şirvan şəhərinə köçüb, birgə yaşamağa başlayıblar: "Ləman mənimlə nikahdan kənar birgə yaşamaq qərarını verdikdən dərhal sonra bu barədə ailə üzvlərini məlumatlandırdım. Ailəsi buna narazılığını bildirsə də, Ləman əhəmiyyət vermədi. Ləmanla birgə yaşadığımız ilkin vaxtlarda xırda narazılığımız olub. Lakin başqa heç bir mübahisələrimiz olmayıb. Biz təxminən iki il ərzində Şirvanda birgə qaldıqdan sonra aramızdakı münasibətlər pozulmağa başladı. Münasibətlərimizin pozulmağına səbəb isə Ləmanın mobil telefonunda keçmiş sevgilisinin fotoşəkillərini tapmağım olub. Ləmanın əvvəllər rəsmi nikahda olduğunu bilsəm də, onun qeyrisi ilə nikahdan kənar münasibət saxlamasını bilməmişəm. Ləmandan mobil telefonunda fotoşəkili olan şəxsin kimliyini soruşdum. Həmin şəxsin ikinci dəfə qeyri-rəsmi ailə həyatı qurduğu şəxs olduğunu bildirdi".
"Məni nalayiq sözlərlə təhqir etdi"
Şahin deyib ki, bundan sonra bu hal ona pis təsir edib: "Şəkillərin hansı səbəbdən mobil telefonda saxlamasını soruşdum. Həmin şəkillərin guya mobil telefonda köhnə vaxtdan qaldığını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Ləmanı döydüm. Ləman baş vermiş münaqişədən sonra bu barədə anası Sevdaya məlumat verdi. Buna görə də Sevda yaşadığımız Şirvana gəldi, Ləmanı götürərək özü ilə Bakı şəhərinə gətirdi. Bundan bir neçə gün keçdikdən sonra Ləmanla əlaqə saxladım. Ləman münasibətlərə son qoyduğunu və mənimlə ünsiyyət saxlamaq istəmədiyini bildirdi. Ləmanı itirmək istəmədiyim üçün barışıq əldə etmək məqsədilə ona dəfələrlə zəng edirdim. Bir neçə cəhddən sonra onunla barışa bildim. Ləmanla barışmağıma baxmayaraq, anası Sevda birlikdə olmağımıza qarşı çıxdı. Bir neçə dəfə Ləman mənə zəng edərək Şirvan şəhərinə qayıdıb, mənimlə birgə yaşamaq istədiyini bildirib. Hər dəfə Bakı şəhərinə gələrək Ləmanı götürmək istəmişəm, anası buna müdaxilə edib. Bu minvalla aramızda mübahisə yarandı. Mübahisə zamanı Sevda məni nalayiq sözlərlə təhqir etdi. Mən də onun təhqirlərinə qarşılıqlı cavab verdim. Sevda ilə aramızda yaranmış bu kimi mübahisələrə görə, Ləmanla da münasibətim pozuldu. Onların bu hərəkətlərindən artıq bezdim".
"Özümü itirdim"
Şahinin ifadəsinə görə, sonuncu dəfə Ləmanla təxminən 2021-ci ilin fevralında danışıb: "Bundan sonrakı vaxtlarda Ləman ona edilən zənglərimə cavab vermədi, əlaqəmiz tamamilə kəsildi. Aprelin 28-də, saat 21.00-da Ləmanı görmək məqsədi ilə onların yaşadığı ünvana getdim. Bu zaman Ləmanın anası Sevda ilə rastlaşdım, ondan qabaq yaşadıqları mənzilin giriş qapısına yaxınlaşdım, kənarda durdum. Sevda məni görsə də, salam vermədən qapını döydü. Qapını Ləman açdı. Sevda içəriyə daxil oldu. Məni nalayiq sözlərlə təhqir edərək getməyimi tələb etdi. Sevda məni nalayiq söyüşlərlə təhqir etdikdən sonra əsəblərimi cilovlaya bilmədim. Sevdanın kürəyindən itələdim, evə daxil oldum. Evə daxil olduqda Ləmanın əlində mətbəx bıçağı olduğunu gördüm. Sevda məni yenidən təhqir etdi. Ləmanın əlindən bıçağı aldım, həmin bıçaqla Sevdanın kürək nahiyəsindən bir dəfə zərbə vurdum. Həmin vaxt Ləman yaxınlaşdı, münaqişəyə müdaxilə etdi. Bıçaq Ləmana da dəydi. Onların hər ikisi aldıqları zərbələrdən müvazinətlərini itirərək yerə yıxıldı. Bu zaman Ləman və Sevdanın bədənlərindən qan gəldiyini gördüm, özümü itirdim. Etdiyim əməldən peşmanlıq hissi keçirərək dərhal evdən çıxdım, piyada oradan uzaqlaşdım. Bundan sonra polisə gedərək təslim oldum".
"Etiraz etmədim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, 2013-cü ildə Elçin adlı şəxslə rəsmi nikaha daxil olub: "Lakin münasibətlərimiz baş tutmadığından 2015-ci ildə ondan boşandım. Elçinlə evliliyimdən övladım olmayıb. 2019-cu ilin əvvəllərində H.Aslanov qəsəbəsində yerləşən marketlərin birində satıcı işlədiyim zaman təsadüfən marketə müştəri qismində gəlmiş Şahinlə tanış oldum. Tanışlıqdan sonra bir-birimizin mobil nömrələrini götürüb əlaqə saxlamağa başladıq. Şahinlə bir müddət ünsiyyət saxladıqdan sonra münasibətlərimiz yarandığından görüşməyə başladıq, qarşılıqlı sevgimiz yarandı. Artıq bir-birimizə qarşı istəklərimiz oldu. Şahin yaşadığı Şirvandakı evinə köçərək onunla birgə yaşamağı təklif etdi. Mən də etiraz etmədim".
"Dözdüm, ailəmi qoruyub, saxlamağa çalışdım"
Zərərçəkmiş şəxsin ifadəsinə görə, 2019-cu ilin fevralında Şahinin yaşadığı həmin evə köçüb və onunla nikahdan kənar birgə yaşamağa başlayıb: "Şahinlə birgə ailə həyatımın ilkin vaxtlarında münasibətlərimiz yaxşı olsa da, sonradan bu münasibətlər pozulmağa başladı. Şahin tez-tez spirtli içki qəbul edərək evə gəldi, səbəbsiz yerə mənimlə mübahisə yaratdı. Mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi. Bununla belə Şahinin etdiklərinə dözdüm, ailəmi qoruyub, saxlamağa çalışdım".
"Polisə müraciət etmədim"
Zərərçəkmiş şəxs qeyd edib ki, 2020-ci ilin fevralında Şahinlə münasibətləri son həddə çatıb: "Həmin ərəfədə Şahin yaşadığımız evə gəldi, mobil telefonumu götürüb baxmağa başladı. Mobil telefonunda əvvəlki həyat yoldaşımın fotoşəkillərini gördükdə, qısqanclıq hissi keçirərək əsəbləşdi. Bundan sonra ünvanıma nalayiq ifadələr işlədərək təpik və yumruq zərbələri ilə bədənimin müxtəlif nahiyələrindən vurdu, mənə xəsarət yetirdi. Bu hadisədən sonra əlacsız qalaraq valideynlərimə zəng vurdum, məni Şirvandan götürüb öz evimizə aparmalarını xahiş etdim. Lakin hadisə ilə bağlı polisə və ya hər hansı digər hüquq mühafizə orqanına müraciət etmədim".
"Məni izlədi"
Ləmanın bildirdiyinə görə, həmin ərəfədə valideynləri Şirvan şəhərinə gəlib və onu paytaxta gətiriblər: "Bundan sonra Şahinlə əlaqə saxlamadım. Ondan birdəfəlik ayrılmaq niyyətində oldum. Şahin isə mütəmadi olaraq, gah özünə aid, gah da qeyri nömrələrdən ya mənim, ya da valideynlərimin mobil nömrələrinə yığmaqla nalayiq sözlərlə təhqir edirdi. Sonra Şahin bizim yaşadığımız evin yaxınlığına gələrək məni izlədi, geri qayıtmağımı məndən tələb etdi. Mən isə geri qayıtmaq istəmədiyim üçün Şahinin dediklərindən imtina etdim. Şahindən məni və valideynlərimi narahat etməməsini xahiş etdim".
"Bıçaqla üzərimizə gəldi"
Ləmanın ifadəsinə görə, aprelin 28-də, saat 21 radələrində yaşadığı evdə olduğu zaman qapının döyüldüyünü eşidib: "Anamın işdən qayıtdığını fikirləşdim, qapıya yaxınlaşdım. Qapını açdım, anamın içəri buraxan zaman qəflətən Şahin anamın arxasından çıxdı, kürəyindən itələyərək içəri daxil oldu. Şahin içəri daxil olan kimi anama "sən mənim ailəmi dağıtmısan" dedi, əlində saxladığı bıçaqla onun kürək nahiyəsindən bir dəfə zərbə vurdu. Həmin vaxt Şahinin üstünə getdim, onu saxlamaq və anama köməklik göstərmək istədim. Şahin əlində olan həmin bıçaqla mənim döş qəfəsimdən bir dəfə zərbə vurdu. Həmin vaxt mən və anam aldığımız zərbələrdən müvazinətlərimizi itirərək yerə yıxıldıq. Bu vaxt Şahin əlindəki bıçaqla üzərimizə gəldi, bıçağı anamın boğaz nahiyəsi istiqamətində tutaraq onu öldürəcəyi ilə hədələməyə başladı. Bu zaman anamla Şahinin bıçaq saxladığı əlindən tutduq, ona yalvardıq, hərəkətlərinə son qoymasını xahiş etdik. Həmin ərəfədə binanın blokundan səs gəldiyindən Şahin bizə xəsarət yetirdiyi bıçağı da özü ilə götürərək oradan qaçdı".
Ləmanın ifadəsinə görə, bundan sonra anası ayağa qalxıb, mənzilin giriş qapısını bağlayıb: "Anam sonra təcili yardıma zəng etdi. Bir neçə dəqiqə sonra təcili yardım stansiyasından həkim biriqadası gəldi. Bizə ilkin tibbi yardım göstərərək 3 saylı Şəhər Klinik Xəstəxanasına apardılar".
Qardaşı müharibə iştirakçısı çıxdı, məhkəmə cəzanı dəyişdi
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan iclasda cinayət işi üzrə dəlillər araşdırılıb, sonda hökm elan edilib.
Hökmdə qeyd olunub ki, Şahin qardaşı Vətən müharibəsinin iştirakçısı olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət alıb.
Şahinin qardaşı Vətən müharibəsində göstərdiyi xidməylətə görə, "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Onun atası "Çernobıl" qəzasında 1-ci qrup əlil olması da müəyyən edilib. Bu halları məhkəmə cəzanın yüngülləşdirən hallar kimi nəzərə alınması qənaətinə gəlib.
Məhkəmə Şahinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edib. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay 22 gün şərti cəza verilib.
Şahinin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xəbəri paylaş