Hazırda Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair bp şirkəti ilə Energetika Nazirliyi arasında imzalanmış İcra Müqaviləsi çərçivəsində işlər davam edir.
Bu barədə RegionTV.info-ya şirkətdən deyiblər.
"Biz Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi otuz ilə yaxındır ki, əməliyyatçısı olduğumuz enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçiririk. Düşünürük ki, bu təcrübəmizə əsaslanaraq biz yeni enerji istehsalı sahəsində də Azərbaycanla uğurlu əməkdaşlıq və tərəfdaşlıq imkanlarını birgə dəyərləndirib ölkənin enerji keçidi səylərinə mühüm töhfələr verə bilərik. bp ümumiyyətlə bütün dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu istiqamətdə yaranan imkanları araşdırır", - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, icra müqaviləsi Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması barədə strateji qərar çərçivəsində imzalanıb.
Xəbəri paylaş