"Anayıq, nəyisə bəyənmirəm, qadağalar qoyuram. Amma qızlarım məni bəyənməyəndə, elə acığıma gəlir ki... Deyirəm, bunlara bax, bəyənmirlər məni. Anam da deyir ki, bax, indi məni başa düşərsən".
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "Sənətdən kənar" proqramında deyib. Əməkdar artist Sənubər İsgəndərlinin suallarını cavablandıran aktrisa qızlarından və işindən bəhs edib.
V.Zeynalova teatrdakı fəaliyyətindən söz açaraq, peşmançılıqlarını açıqlayıb:
"Arzuladığım yerdə deyiləm. Çox zaman itirdim. Bir dönəm tamaşaçı teatrdan intikam alırmış kimi durğunluq oldu. Tamaşaçı teatra gəlmirdi. Belə olanda da aktyor passivləşir. Biz səhnəyə çıxırdıq tamaşa oynayırdıq, zalda o qədər az adam olurdu ki, səhnəyə çıxmaq, oynamaq istəmirdik. Tamaşaçı gələndə, tamaşa seçəndə, izləyəndə, əl çalır, jest edirsə, biz onu duyuruq. Həmin dönəmdə yeni obraz və heç nə oynamaq istəmirdim. Dörd-beş il aralar çəkdi. Faktura obraza imkan vermir. Müəyyən obrazları özüm oynamaq istəmədim, müəyyənlərini gözlədim mənə təklif etsinlər. Üst-üstə gələndə 15 ilimi itirdim".
Aktrisa gizli bacarığını açıqlayıb. O bildirib ki, illərlə gözəllik salonunda işləyib:
"Aktrisa olmazdan əvvəl tələbə kimi getdim və öyrəndim. Universitetə daxil olanda bu işi atdım. Evdə, qonşuda, yaxınlarda hər kəs mənim yanıma gələrdi. Məhlədə xanımların saçını mən kəsir, makiyajını edirdim. Həmin vaxt işləyirdim, gənc qız idim, tələbə olmağa hazırlaşırdım. Sonra salon açdım, özüm də çalışırdım. Sonra layihələr başladı, vaxt etibarı ilə çatdırmadım və uzaqlaşdım. Çox pul, hədsiz böyük pullar qazanırdım, evə kömək edirdim. İlk qazancımdan dəri gödəkcə aldım".
Xəbəri paylaş