RegionTV.info
Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. Hərəkətsiz həyat tərzi və fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Fiziki cəhətdən fəal həyat tərzi sürməyənlər qida rasionuna xüsusilə diqqət yetirməlidirlər.Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin maarifləndirici materialında bəhs olunur.
Qidalanmanın balanslı təşkili çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.
Oturaq həyat tərzi keçirən, xüsusilə ofis şəraitində işləyənlərin qida rasionunda meyvə və tərəvəzlər olduqca vacibdir. Həmin qidalar həm yüksək miqdarda vitamin və mineral ehtiva edir, həm də az kalorilidir. Həmçinin əksər meyvə və tərəvəzlər toxluq hissi verən liflərlə zəngindir. Qeyd edək ki, meyvə-tərəvəzin 150-300 qramı bir porsiya hesab olunur. Yetkin bir şəxsin gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz istehlakı tövsiyə edilir. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, hinduşka əti, dəniz məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür. Qril və buğlama ət məhsullarını bişirməyin ən sağlam üsuludur. Dəniz məhsulları proteinlə yanaşı, əsas yağ turşularını da ehtiva edir və bu, qandakı yüksək sıxlıqlı lipoproteinləri artıraraq xolesterol səviyyəsini azaltmağa kömək edir. Həmçinin karbohidratlara nisbətən zülallar sayəsində orqanizmdə uzun müddət toxluq hissi yaranır.
Qida rasionuna həzmi yaxşılaşdıran yağsız və ya az yağlı qatıq, eləcə də digər süd məhsulları əlavə etmək də lazımi vitamin və mineralları almaq üçün düzgün seçimdir. Gündəlik 2-3 porsiya süd və süd məhsullarının istehlakı olduqca faydalıdır. Qida rasionunda süd və ya qatığın payı 230-250 qram, pendir 50-60 qram və s. təşkil etməlidir. Qidalanmada karbohidrat və şəkər qəbulunu isə azaltmaq məsləhətdir. Xüsusilə də ağ undan hazırlanmış çörək, makaron, düyü, tort, peçenye və s. kimi məhsulların istehlakından çəkinmək lazımdır. Qeyd edək ki, gündəlik qida rasionunda taxıl məhsullarının payı fərdin yaşı, iş şəraiti və enerji ehtiyacına müvafiq olaraq dəyişir.
Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı normal halda 60 kiloqram çəkiyə malik olanlar üçün gündə 2 litr, 10 kiloqram çəkiyə malik uşaqlar üçün isə 1 litr su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə gündə 0.3 litr və 1.1 litr su istehlak etməlidirlər.
Gündəlik ümumi enerji tələbatı oturaq həyat tərzi sürən qadınlar üçün 2100 kkal, kişilər üçün isə 2500 kkal-dır.
Xəbəri paylaş