Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“ERMƏNİSTAN ÖZ XALQINI AZƏRBAYCAN PREZİDENTİNƏ ƏMANƏT ETDİ.”

Bu sözləri Riatv.az saytına açıqlamasında Lamiyə xanım bildirib.
 
Azərbaycanın Zəfəri ilə yekunlaşan 44 günlük haqlı savaşımız döyüş meydanında müzəffər ordumuzun əldə etdiyi uğurlara görə diplomatiya meydanında da uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən etdi, Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu dəyişməyi bacardı. Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin öhdəsindən layiqincə gəlməyi bacardı. Əgər Ali Baş Komandanımız hərbi əməliyyatları bir az da gec başlatsaydı Ermənistan dövlətimizə qarşı yeni təxribatlar törədəcəkdi. Bu müharibədə Ermənistanın həm ardıcıl təxribatları həm də yeni işğal planları suya düşdü və dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı. Müzəffər ordumuz Ermənistan ordusunu məhv etməyi, işğal olan torpaqlarımızdan silməyi bacardı.  Bundan sonra Ermənistan silahlı qüvvələrinə, Ermənistan dövlətinə özünü bərpa etmək üçün illər lazım olacaqdır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan münaqişənin ilk günlərindən dövlət başçımızın bəyan etdiyi şərtləri çarəsiz bir şəkildə qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Azərbaycana qarşı hər zaman iddia ilə danışan Paşinyan artıq Azərbaycanın şərtlərinə boyun əyərək təslim olubdur.  Ermənistanın danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün xəyalları hal-hazırda puç olmuş vəziyyətdədir. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü .8 noyabr tarixində  Şuşa şəhərinin işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Lakin Paşinyan öz məğlubiyyətini yenə də qəbul etməyərək növbəti dəfə xalqını və dünya ictimaiyyətini aldatmağa çalışdı. 9 noyabr tarixində Paşinyan rəsmi twitter səhifəsində “Şuşa uğrunda döyüşlər davam edir.” deyə yazaraq bu yalanla özünü hər zamankı kimi yenə biyabr etdi. Hər kəsə məlumdur ki,  bu dövlət hər zaman öz siyasətini yalan üzərində qurubdur. Ermənistanın heç zaman öz mövqeyi, öz siyasəti olmayıbdır. İşğalçı dövlət hər zaman dəstəkçi dövlətlərin əlində sadəcə alət olubdur. Ermənilər öz yalan dövlətçilik prinsiplərini yaymaq üçün illər boyu yalan təbliğatlar aparıblar. Ermənilər illərdir bütün diaspora imkanlarını səfərbər edərək Azərbaycanı zorakı bir dövlət kimi təqdim etməyə çalışırdı. Hətta Qərbdə də belə bir fikir formalaşmaqda idi ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlamaqdadır. Bu gün isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində ermənilərin məğlubiyyəti dünya ölkələrinin gözünü açdı sanki. Artıq bütün dünya bilir ki, Ermənistan həqiqətən işğalçı, terrorçu imiş. Bu savaşda Ermənistan Azərbaycanın mülki, sivil insanlarına, körpələrinə atəş açaraq öz terrorçu mahiyyətini dünyaya bir daha nümayiş etdirdi. Artıq bizim Ermənistanı dünyaya işğalçı, terrorçu kimi tanıtmağımıza gərək qalmadı. Çünki onlar terrorçu və düşünülməmiş ağılsız siyasətləri ilə özlərini ifşa etdilər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət isə hər zaman humanizm prinsiplərinə söykənən siyasət olub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra işğalçı, terrorçu ermənilərin yenidən bizim torpaqlarımızda yaşamasına icazə verilməsi dövlətimizin, cənab Prezidentimizin humanizm siyasətinin bariz təzahürüdür. Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləmişdi. Bu gün Xankəndindən və digər ərazilərdən İrəvana qaçan erməni xalqı yenidən kor-peşman Xankəndinə qayıdır. Çünki İrəvanda onlara sahib çıxan, onları yerləşdirən ağlı başında, qeyrətli dövlət başçısı yoxdur. Ermənistan öz xalqının məsuliyyətini daşımır, xalqına sahib çıxmır. Öz xalqını Azərbaycan Prezidentinə əmanət eliyir. Çünki bilir ki, Azərbaycanın dövlət başçısı onun xalqına sahib çıxacaq qədər mərd insandır. Və bu gün ermənilər illər əvvəl olduğu kimi yenə də Azərbaycana sığınırlar. Azərbaycanı düşmən gözündə görsələr də bu gün onlara qucaq açan, onlara sığınacaq verən yenə də bu dövlətdir. Azərbaycan xalqı böyük ürəyə, böyük vicdana sahibdir. Biz düşmənin körpəsinə öz övladımız kimi sahib çıxan xalqıq.  
Ermənipərəst Qərb ölkələri bu gün Azərbaycandan xahiş edirlər ki, bu soyuq havalarda erməni xalqını Xankəndi və digər rayonlardan çıxarmayaq. Deyirlər bu soyuqlarda onlar hara gedərlər, nə edərlər?! 1992-ci ilin 26 fevralında Xocalı Soyqrımını törədən ermənilər bizim xalqımızı düşünmüşdülərmi? Qadınlara, uşaqlara, körpələrə rəhm etmişdilərmi? Ermənilərin Xocalıda dinc əhaliyə qarşı amansızcasına qətliam törətməsindən bütün dünya xəbərdardır. İndi isə dünyanın bir çox Qərb ölkələri həmçinin də ermənilər bizdən rəhm umurlar. Əlbətdə bizim dövlət başçımız onlara rəhm edəcək və onlara Azərbaycan torpaqlarında yaşamaq hüququ verəcəkdir. Bu, bizim xalqımızın insani keyfiyyətlərinin yüksək olduğunun, həmçinin də humanizm ideallarına sadiqliyinin göstəricisidir. 
N.Paşinyan deyir ki, “Qarabağ xalqının haqqı uğrunda mübarizəni davam etdiririkmi? Bəli. Hər şeydən əvvəl nə edilməlidir? Həmvətənlərimiz öz evlərinə qayıtmalıdırlar. İndi orada Rusiya sülhməramlıları var və onlar təhlükəsizliyi təmin edir.” Bu “adam” hələ də inanır ki, Qarabağ bunlarındır. Hələ də Azərbaycan torpaqlarını öz torpaqları hesab edir. Paşinyan ya tarixi yaxşı bilmir ya da onun psixologiyasında böyük problemlər var. Ermənistan bilməlidir ki. Azərbaycan dövləti istəsə öz torpaqlarından erməniləri iti qovan kimi qovar. Lakin bu dövlətimizin humanizm prinsiplərinə ziddir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün 15 noyabr tarixində Azərbaycana qaytardı. Bu, uğurlar dövlətimizin dünya miqyasında sözünün kəsərinin göstəricisidir. Üçtərəfli imzalananan bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu, 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Ermənistanın işğalçı qüvvələrindən azad olunacaqdır. 
Bu gün Azərbaycan Şanlı Qələbəsi ilə dünyaya hansı gücə malik olduğunu sübut etdi. Bütün dünya Azərbaycanın Zəfərindən, Ali Baş Komandanımızın uğurlu siyasətindən, güclü ordumuzdan danışır. İndi bütün dünya bilsin ki, Azərbaycan istənilən böyük Qələbəni qazanmağa qadirdir! Bütün dünya bildi ki, Qarabağ Azərbaycanındır!
 
 
 Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də