
Bu gün 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan tərəfi buna cavab olaraq sözügedən yolda sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.
O da vurğulanır ki, Qafan-Çakaten yoluna alternativ tras bu ilin sonunadək hazır olacaq.
Qafanın meri Gevork Parsyanın dediyinə görə, azərbaycanlı hərbçilər yolda tikinti işləri aparır, nəzarət-buraxılış və gömrük postu yaradırlar.

Gorus-Qafan yolunun əsas hissəsi hərbçilərimizin nəzarətindədir. Ermənilər hazırda Şinuayr-Tatev-Qafan yolundan istifadə edirlər. Ermənilərin "Vorotan" adlandırdıqları Urud, "Şurnux" dedikləri Şurnuxu və "Barsravan" dedikləri Məzrə kəndlərinə isə Ermənistanın digər yerlərindən yalnız off-rouderlərlə getmək mümkündür. Həmin kəndlərə normal yol yoxdur.