Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir

Qədim dövrlərdən xalqımız öz bayrağı uğrunda, onu qorumaqdan və ucalarda tutmaqdan ötrü canlarından keçmişdi. Bugünkü müstəqil Azərbaycanın Dövlət rəmzi olan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019 cu il noyabrın 17 də imzaladığı Sərəncamla hər il noyabrın 9 ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. 9 noyabr günü ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918 ci il noyabrın 9 da Bakıda hökumətin iclasında Dövlət atributu kimi qəbul edilib.
 
"Türkçülüyü, müasirliyi və islamçılığı" özündə əks etdirən bayrağımızın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, böyük mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.
 
1990 cı ildə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərlərinin qorxusundan üçrəngli bayrağımızın adını belə çəkə bilmədikləri vaxt 1990 cı il noyabrın 17 də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Məclisin sessiyasına gətirilmiş və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.
 
Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində ulu öndərin müstəsna xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri olaraq ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Milli Məclisi adından Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırılmışdır. 1991 ci il fevralın 5 də Azərbaycan Respublikasının Ali Sovetində həmin vəsatətə baxılmış və Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991 ci il oktyabrın 18 də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun Dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
 
Azərbaycan Respublikası Konstitusiyasının 75 ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Prezident cənab İlham Əliyev hər zaman gənclərə bayrağımıza hörmətlə yanaşmağı və onu sevməyi tövsiyyə etmişdir. Cənab İlham Əliyev "Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir" demişdir. Ölkə başçımız işğaldan azad edilmiş bütün ərazilərimizə səfəri zamanı ilk olaraq həmin yerdə Azərbaycan bayrağını dalğalandırır. Bu dövlət başçısının Dövlət bayrağına olan böyük sevgisinin və ehtiramının bir nümunəsidir.
Vətən Müharibəsi zamanı əsgərlərimizin bayrağımıza olan sevgilərinin, ehtiramlarının necə böyük olduğunun şahidi olduq. Hər bir əsgərimiz işğaldan azad edilmiş torpaqlara Azərbaycan bayrağını sancmaqdan qürur duyurdu.
Azərbaycan bayrağı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Möhtəşəm Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq.
 
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də