RegionTV.info
Respublikanın hər yerində olduğu kimi Gəncədə də 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunur. Gəncənin "İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.
8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib.
Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxı edərək, tədbir iştirakçılarını Zəfər günü münasibətilə səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Vətən müharibəsi dövründə Gəncə şəhəri də çətin günlər yaşadı, raket atəşlərinə məruz qadlı, lakin sınmadı, geri çəkilmədi. Əksinə şəhər sakinləri möhtərəm cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdilər. Düşmən bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının şahidi oldu.
Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin "İstiqlal” parkında inşa edilən "Memorial Abidə Kompleksi”nin açılışı baş tutub.
Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilən "Memorial Abidə Kompleksi”nin tikintisinə cari ilin may ayında başlanılıb. Ümumi sahəsi 1200 kv.m olan Kompleks dəmir və betondan hazırlanmış lövhələrdən ibarətdir. Uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkilləri və müxtəlif atributlar vurulub. "Memorial Abidə Kompleksi”nin hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib. Bulaqların hər birinin uzunluğu 6,1, eni 1,3, hündürlü isə 2,2 metrdir. Gəncə Şəhər İcra İcra Hakimiyyəti tərəfindən inşa etdirilən abidənin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı Şərif Şərifovdur.
"Memorial Abidə Kompleksi” ilə tanışlıqdan sonra şəhid ailələrinin üzvlərinə söz verilib. Şəhid atası Miryunis Hüseynzadə, şəhid anası Briliant Əsərova, şəhid yoldaşı Əfsanə Məmmədova, şəhid övladı Təqi Əsgərli çıxış edərək, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışıblar. Onlar, dövlət tərəfindən şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Daim qardaş ölkə Azərbaycanla həmrəylik göstərən Türkiyə haqq savaşında da onun yanında oldu.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrı tərəfindən "Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmiz olan 44 göyərçin havaya buraxılıb. Daha sonra Hərbi orkestrın keçidi izlənilib.
Gəncənin "İstiqlal” parkında təşkil olunan bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Komplesinə gəliblər. Burada 8 Noyabr – Zəfər gününə həsr olunan ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyası zamanı rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.
Xəbəri paylaş