Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyanı heyrətləndirən xalq, ordu, sərkərdə... - Zəfərin mübarək, Azərbaycan!

RegionTV.info 
 Bu gün o gündür - 30 illik Vətən həsrətinin bitdiyi, Azərbaycan xalqının gözükölgəli illərinin sona çatdığı o təqvim. Hər şey ötən ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüzkar təxribatı nəticəsində başladı. Ən optimist azərbaycanlı belə düşünmürdü ki, cəmi 44 gün ərzində işğal edilmiş torpaqlarımızı düşmən tapdağından azad edə bilərik, amma bunu bacardıq. 3 minə yaxın şəhid, minlərlə insanımızın sağlamlığını itirməsi bahasına da olsa bacardıq.
O gün Azərbaycan bir yumruq kimi birləşdi. Elə birləşdi ki, onu parçalamaq düşmən üçün ən mümkünsüz məsələyə çevrildi. Xalq, Ordu və Ali Baş Komandanın eyni hədəfi nişan alması cəmi 44 günə tarixi Zəfəri əldə etməyimizin əsas açarı oldu. Xalqın dövlətinin ətrafında bir yumruq kimi birləşməsi, Ordusuna həyan olması, Azərbaycan əsgərinin düşmənlə üzbəüz savaşda belə bu dəstəyi hiss etdirdi.
Bu xalq heç vaxt belə birləşməmişdi, heç vaxt bu qədər qüdrətli, bütöv olmamışdı ki, bunu 44 günlük Vətən müharibəsində körpəsindən yaşlısına qədər hər kəs hiss etdirdi. Gecəsini gündüzünə qatan əsgərinin yuxusuz gecələrini anbaan onlarla birgə yaşayan, onlardan xəbər almaq üçün, yeni xoş müjdə üçün yuxusu ərşə çəkilən bir xalq doğdu. Bütün dünyanı təəccübləndirən, dünyanın ən murdar, ən qəddar, ən vəhşi düşmənini dəmir yumruğu ilə əzən, mərdliyi ilə dünyanı riqqətə gətirən, adına dastanlar yazdıran Azərbaycan Ordusu xalqının qürur mənbəyi, son ümid yeri oldu. Ali Baş Komandanın liderlik, əsl sərkərdə keyfiyyətləri, qətiyyətli mövqeyi, Xalq və Ordu vəhdətini yaratmaq bacarığı nəticəsində Azərbaycan xalqı 200 il ərzində torpaq itkiləri və faciələrdən sonra ilk dəfə böyük qələbə əldə etdi. Bu Zəfər başqa ilklərlə də əlamətdar oldu: Postdam - Yalta dünya nizamında ərazi bütövlüyünü təmin edən ilk dövlət kimi tarixə düşdük. Yeni müharibə texnologiyalarından istifadə edən ilk dövlət olmaqla bəşər tarixində yeni döyüş taktikasının əsasını, erməni xülyasına zərbə endirərək onların mənəvi çöküşünün təməlini qoyduq, ermənilərdən maşa kimi istifadə edən bir sıra dövlətlərin məqsədlərini alt-üst etdik, regionda 2 əsr mövcud olan geosiyasi konfiqurasiyanı yenisilə əvəzlədik.
"Vətən anadır, biz övladıyıq" deyib, erməni terrorçularının ləkələdiyi 30 illik namusumuzu təmizləmək, qisamımızı almaq üçün yola çıxan qəhrəman Azərbaycan Ordusunun qüdrəti düşməni hər ötən gün geri çəkilməyə, silahını atıb qaçmağa vadar etdi. 
"Su torpağa qarışarsa palçıq, qan qarışarsa Vətən olur", bu hikmətli sözün önündə adına layiq övladları ilə "sonunu düşünən qəhrəman olmaz" deyib, düşmənin üzərinə şığıyan Hikmətli Ordumuz, xalqımız beləcə düşmənin yatsa yuxusuna belə girməyəcəyi mümkünsüzü reallaşdırdı - Ermənistanın 30 illik "məğlubedilməz ordu"su barədə dediklərinin sadəcə bir mif olduğunu 44 günə bütün dünyanın gözü önündə təsdiq etdi. Beləcə Azərbaycan adlı xalq, türk milləti Qarabağ zəfəri ətrafında birləşdi. Qarabağ Zəfəri böyük türk dünyasının mərdlik, qəhrəmanlıq salnaməsinə çevrildi. O salnamə ki, bir vaxtlar erməni terrorçularının əlindən xilas olmaq üçün çovğunlu qış aylarında ayaqyalın, başı açıq öz doğma yurd-yuvalarından didərgin düşən azyaşlı həmin uşaqlar tərəfindən yazıldı. Bir zamanlar el-obasından ayaqyalın çıxan həmin övladlar illər sonra doğma torpaqlarına tank belində qayıtdı, həsrətində olduğumuz o yerləri düşməndən azad etdilər... Əbədi qoruyub saxlamaq üçün!Bir gün öncə, noyabrın 7-də Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya baş tutan səfəri hər mənada tarixi, strateji bir səfər idi. Dövlət başçısının Vətən müharibəsində qələbəmizdə əvəzedilməz paya sahib olan Şuşa Zəfərinin ildönümünə bir gün qalmış yenidən məhz həmin torpağa ayaq basması xalqının və dövlətinin nüfuzunu bir daha Şuşa zirvəsinə qaldırdı və yenidən düşmənə, revanşist qüvvələrə, eləcə də Ermənistanın havadarlarına Qarabağ müharibəsinin tarixdə qaldığı mesajını verdi. Bu səfər zamanı Zəfər yolunun açılışı oldu. O Zəfər yolu ki. Azərbaycan əsgərləri məhz həmin cığırla irəliləyərək milli qürur və qeyrət simvolu olan Şuşanı azad etdilər. Əsgərlərimizin cəmi 1 il öncə qət etdiyi daşlı, kəsəkli, sıldırım daşlı o ərazidə indi ən müasir standartlara cavab verən yol salınıb. Bu yol bizi hələ çox uzağa aparacaq. Amma o "uzaq" da bizə doğmadır, çünki o yerlər də vaxtilə bu xalqın, bu yurdun bir parçası, ayrılmaz hissəsi olub. Heç şübhəsiz ki, bu yol bizim üçün adi yol deyil. Zəfər yolu Azərbaycan üçün bir çox qələbələrə aparacaq yol olmaqla yanaşı, həm də müqəddəsdir. Ona görə ki, bu yolun hər qarışında şəhidlərimizin qanı var.  Azərbaycan bundan sonra bir qarış da olsun torpağını güzəştə getməyəcək. Elə bir məqamı demək yetər: Bu qədər şəhid vermədik ki, o torpaqlarda 20-25 minlik erməni üçün status-kvo məsələsi gündəmə qayıtsın. Azərbaycan Prezidenti artıq dəfələrlə Qarabağ məsələsinin qapandığını, düşməni yeni geosiyasi reallığı qəbul etməyə dəvətinin şahidi olmuşuq. İrəvan bunun alternativinin olmadığını anlamalıdır, əks halda qarşıda Ermənistan daha ağır vəziyyətlərlə üz-üzə qala bilər. Rəsmi İrəvan ya ritorikasından əl çəkməli, ya da daha böyük məğlubiyyətə hazır olmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də