Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Övladlarına qəribə ad verən valideynlər - Onlara travma YAŞADIRLAR

İnsanı ilk adı ilə tanıyırlar. Elm adın insan həyatına təsirini danmır. Bəzən qəribə, qeyri-adi adlarla da qarşılaşırıq. Çoxları ilk dəfə eşitdiyi adı gülüşlə qarşılayır. Amma unudurlar ki, bu cür reaksiya vermək qarşı tərəfi incidə bilər. Axı bu adın seçilməsində onun heç bir rolu olmayıb. Ötən illərdə qəribə adların (Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan) qoyulmasına müsbət cavab verilməyib.
 
Məktəbdə psixoloqlar qəribə adı olan uşaqlarla ciddi işləməlidir
 
Psixoanalitik Elmir Əkbər açıqlamasında bildirib ki, ad insan həyatında çox əhəmiyyətlidir:
 
“Çünki onu gələcəkdə bu adla tanıyacaqlar. Səhv etmirəmsə, İslam dinində valideynin övlad qarşısında borclarından biri uşağa gözəl, layiqli ad seçməkdir. Əfsuslar ki, bu problem Azərbaycanda daim olub. “Fərqli” düşünən valideynlər həmişə var. Zamanla adların forması dəyişir, məzmun isə eyni olaraq qalır. Bir qrup valideyn övladlarına həmişə ağılagəlməz adlar qoyur. Məsələn, sovet dövründə Kombayn, Kolxoz və mənim eşidəndə təəccübləndiyim Yuri Qaqarin və s. kimi adlar geniş yayılmışdı. İndi isə uşaqlara başqa cür qəribə adlar verirlər. Nəzərdən qaçırırlar ki, bura Azərbaycandır və elə ad seçmək lazımdır ki, mənası gülünc olmasın, səslənməsi rahat, diləyatan olsun. Çox heyif ki, valideynlər bunu nəzərə almır. Bu uşaqlar üçün ciddi psixoloji travmadır. Hətta mən illər öncə bir məktəbdə layihə keçirəndə savadlı bir uşaq dedi ki, ən böyük arzum böyüyəndə adımı dəyişməkdir. Bu mənə çox pis təsir etdi”.
 
Qanun insana ad qadağası qoya bilməz
 
Psixoanalitik bildirir ki, demokratik ölkə olaraq qanun insana hansısa adı, soyadı seçməyə qadağa qoya bilməz və qoymamalıdır:
 
“Bu insanın azad seçimi olmalıdır. Baxmayraq ki, bəzən ad seçimində valideynlərin korreksiya olunması praktik cəhətdən çox yaxşı olar. Məsələn, valideyn qəribə ad qoyanda müvafiq idarədə ona icazə vermirlər. Vadar edirlər ki, normal ad seçsin. Praktik baxımdan bunu alqışlasam da, ancaq mənə görə bu onun hüququnun çərçivələnməsidir. Çünki insan istədiyi adı və soyadı seçmək hüququna malikdir. Fikrimcə, məktəbdə psixoloqlar ciddi olaraq qəribə adı olan uşaqlarla işləməlidir. Bir tərəfdən onların kompleksini aradan qaldırmalı, ikinci bir tərəfdən isə valideynlərlə söhbət edilməli, uşaq sıxılırsa, adı dəyişdirilməlidir. Sonda uşağa izah edilməlidir ki, müəyyən yaşa çatanda adını dəyişmək şansı var. O, bunu bilməlidir ki, tamamən çarəsizliyə, ümidsizliyə qapılmasın. Amma daha yaxşı olardı ki, valideyn olmağa hazırlaşan şəxslərə müəyyən təlimlər keçirilsin. Təəssüf ki, biz də valideyn olmağa hazırlaşanlar üçün psixoterapiyaya gəlmək mədəniyyəti yoxdur. Dünyada bu proses var. İnanın, belə olanda bir sıra ağır xəstəliklərin, problemlərin qarşısını öncədən almaq mümkündür. Gələcəkdə uşağın psixoloji travma almaması üçün valideynlər savadlı psixiterapevtdən məsləhətlər alsa, yaxşı olardı”.
 
Uşağa verilən ad onun nüfuzuna, cəmiyyətin ona olan münasibətinə təsir edir
 
Kultroloq Fuad Məmmədov bildirib ki, valideyn övladına istədiyi adı verə bilər və bu onun şəxsi işidir:
 
“Amma yaxşı olardı ki, onlar övladlarına mənalı ad versinlər. Bizim mədəni irsimiz, mənəvi keyfiyyətlərimizlə bağlı gözəl adlar var. Məsələn, öz təcrübəmdən deyim. Bir dəfə seminarda bir qızdan adını soruşanda utandı. Auditoriyada olanlar güldü. Anladım ki, adını deməyə çəkinir. Qızı sakitləşdirib, adını soruşdum və bildirdim ki, ona kömək etmək istəyirəm. Adının Paket olduğunu dedi. Təsəvvür edin, nə qədər düşünülməmiş ad qoyublar. Ona narahat olmamağı, yəqin nəyinsə təsir altında və ya müəyyən bir savadın ona yaxşı ad qoymağa imkan vermədiyini izah etdim. Bundan əlavə həmin xanıma artıq adını dəyişməyə tam ixtiyarı olduğunu da dedim. O, belə bir haqqının olduğunu bilmirdi”. 
 
Ad həm də gələcəkdir
 
Kultroloq qeyd edib ki, valideyn övladına ad qoyanda onun gələcəyini düşünməlidir:
 
“Uşağa verilən ad onun nüfuzuna, cəmiyyətin ona olan münasibətinə təsir edə bilər. Çalışmaq lazımdır ki, uşağa ən gözəl Azərbaycan adları verilsin. Qəribə, guya fərqli adları uşaqlara vermək fikrimcə, məqbul deyil. Düşünərək, ad vermək lazımdır ki, uşaqlar həmişə qürur hissi ilə yaşasın və öz adlarına uyğun həyatlarını qursun. Adında olan qüdrəti, mənanı doğrultsun”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də