Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusun qurbanı olan alim - Seyidəli Məmmədlinin 70 yaşı tamam oldu


Koronavirusun qurbanı olan alim - Seyidəli Məmmədlinin 70 yaşı tamam oldu
Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin keçmiş kafedra müdiri Seyidəli Məmmədlinin doğum günüdür.
Seyidəli Həsən oğlu Məmmədli 1951-ciildə Qax rayonunun Dəymədağlı kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə, Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada əyani təhsil alıb. Pedaqoji fəaliyyətinə Qax rayonun uçqar yaşayış məntəqələrindən olan Sarıbaş kənd orta məktəbində başlayıb. Bir müddət sonra elmi fəaliyyətini davam etdirmək üçün paytaxta gəlib. Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə pedaqoji elmlər namizədliyini müdafiə edib. S.Məmmədlinin elmi rəhbəri pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov idi. Tale elə gətirib ki, 1977-1989-cu illərdə onlar bir yerdə Təhsil Problemləri İnstitutunda işləyiblər.
Seyidəli müəllim 1989-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsində çalışıb.
2007-ci ildən ömrünün son gününədək Azərbaycan Turizm və Menecment Universitetində, Dillər kafedrasının müdiri vəzifəsində işləyib. Paralel olaraq Slavyan Universitetində rus sektorunda təhsil alan magistrlərə Azərbaycan dilini tədris edib. Eyni zamanda bir sıra mətbu orqanlarda müəllif yazıları ilə çıxış edib.
5 ali təhsilli övlad atası olan Seyidəli müəllimin həyat yoldaşı da müəllimlik fəaliyyəti ilə məşğul olub, hazırda təqaüddədir. Seyidəli Məmmədli 70-dən çox elmi əsərin, dilçiliyə aid bir sıra kitabların müəllifi və həmmüəllifi idi. Nəcib insan, dəyərli pedaqoq yaşasaydı, bu gün, 28 oktyabrda 70 illik yubileyini qeyd edəcəkdi. Amma keçən ilin 9 noyabrında, elə doğum günündə yoluxduğu koronavirus pandemiyası Seyidəli müəllimi də sıralarımızdan aparmaqla ailəsini, onu tanıyan çoxsaylı insanları, birgə çalışdığı kollektivi, tələbə ordusunu dərindən sarsıtdı.
Vətənə, millətinə dərindən bağlı olan gözəl ziyalımız Qarabağın azadlığını həsrətlə gözləyirdi. Bəlkə də Uca Yaradan ona bu istəyinə görə möhlət verdi, Şuşamızın azad olunmasından bir gün sonra müalicə olunduğu “Zığ” Modul Tipli Hospitalda dünyasını dəyişdi, Suraxanı rayonundakı “Dədə Qorqud” məzarlığında torpağa tapşırıldı.
Allah rəhmət eləsin!
Musavat.com




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də