“Reytinq xalqın deyil, kütlənin zövqünə uyğun qurulursa, çirkin mövzular gündəm olacaq...”
“Ümumiyyətlə, elektron və o cümlədən yazılı media belə başa düşürəm ki, dövlətin bu günki prioritetlərini daha çox təşviq etməlidir, nəinki ailə-məşiət məsələlərini gündəmə gətirməlidir. Elektron mediada yayımlanan bir çox layihələr ancaq bunun üzərində qurulmuşdu. Yəni qapı deşiyindən hər hansı bir ailəyə, vətəndaşa, onun taleyinə nəzər yetirmək və bu taleyi gündəm etmək. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Maraqlısı da budur ki, bu baxış reytinq verir”
Bunu açıqlamasında yazıçı, telejurnalist Orxan Fikrətoğlu deyib:
“Əgər televiziyalar gündəmi hələ də reytinq üzərində qurursa, bu reytinq xalqın deyil, kütlənin zövqünə uyğun qurulursa, ailə-məişət və ondan da çirkin mövzular gündəm olacaq. Çünki birdən-birə heç bir toplumu, o cümlədən Azərbaycanı da intellektual cəhətdən intibah yoluna çıxarmaq mümkün deyil. Ola bilsin ki, orta statistik təbəqə məhz həmin o yayımı tələb edir. Amma bu o demək deyil ki, televiziyalar bu cür işləməlidir. Mən onun tərəfdarıyam ki, mütləq kütlənin zövqünü təkmilləşdirmək və onu öz yüksək səviyyənə qaldırmaq lazımdır”.
O.Fikrətoğlu könüllülərimizi Qarabağdakı quruculuq işlərinə cəlb edilməsinin vacibliyini vurğulayıb:
“Ona görə də bax bu dönəmdə xüsusilə Qarabağın quruculuğu, vətənpərvərlik ruhu, könüllülük prinsipi çox vacibdir. Təsəvvür edin ki, Azərbaycanda keçirilən bir çox tədbirlərdə könüllülər cani-dildən, sevə-sevə iştirak edirdilər. Bəs niyə Qarabağın quruculuğunda könüllülər iştirak etmir?! Orda keçirilən ağacəkmə kampaniyaları təşkil edilmir?! Bax bunlar təşkil olunmalıdır. Ümumiyyətlə, dövlətin təyin etdiyi prioritetləri həm elektron, həm də yazılı media təbliğ etməlidir.
Sizinlə tam razıyam ki, ailə-məişət zəminində sensassiya axtarışları, hər hansı bir əyinti ilə gündəmə gəlmək artıq maraqlı deyil. Pandemiya dövrü, Qarabağ müharibəsi reallığı tamam dəyişib. Ona görə də televiziyalar da dəyişməlidir. Bu yaxında eşitdim ki, yenə də reytinq məsələsi gündəmdədir. Azərbaycanda kanallar var idi ki, ancaq əyləncə üzərində işləyirdilər və düşünürəm ki, onlar da dəyişib. Bununla belə yenə o əyləncə seqmentləri qalır. Əyləncə olmalıdır, amma qədərində”.
O.Fikrətoğlu təklif edib ki, gələcəkdə sahələr üzrə televiziyalar yaradılsın:
“Mən belə başa düşürəm ki, gələcəkdə Azərbaycanda sahələr üzrə televiziyalar yaradılmalıdır. Məsələn, informasiya kanalları və Azərbaycanda bunun örnəyi Real TV-dir. Sırf kino, tamaşalar üçün mədəniyyət kanalı və şit verilişlər üçün ayrıca əyləncə kanalı. Məsələn, Səfər adlı adam Zümrüd adlı xanımını boşayıb. Bu kiməsə maraqlıdır, bundan zövq alırsa, getsin buna baxsın.
Bu gün bütün dünya artıq Azərbaycan diliylə maraqlanır. Bax bu dilin təbliğatı vacibdir. Televiziyalarımızda uşaq verilişləri azdır və bunlar yaradılmalıdır”.