Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xətai rayonundan olan şəhid Xeyrulla İbrahimovun xatirəsi ehtiramla anıldı




Xətai rayonundan olan şəhid Xeyrulla İbrahimovun xatirəsi ehtiramla anıldı
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
 
Oktyabrın 26-da II Fəxri xiyabanda Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Xeyrulla Mayis oğlu İbrahimovun xatirəsi onun məzarı önündə ehtiramla yad edildi.
 
Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verildi.
 
Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid Xeyrulla İbrahimovun ailəsinə başsağlığı verərək onlara Allahdan səbir dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir: “Şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir
 
vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin əzizi deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
 
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışdı. O, xalqımızın şəhidlərimizlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarına Allahdan rəhmət dilədi. Bildirdi ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaqdır.
 
Milli Aviasiya Akademiyasının Elmi katibi Xəqani Abdullayev çıxışında vurğuladı ki, bu gün Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycan xalqı həmişə şəhidlərimizlə fəxr edəcək.”
 
Sonra şəhidin ailə üzvləri çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Xeyrulla kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
 
Sonda şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.
 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də