Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan Kəlbəcərdə daha bir məbədimizi saxtalaşdırmağa başladı...-FOTOLAR


Ermənistan Kəlbəcərdə daha bir məbədimizi saxtalaşdırmağa başladı...-FOTOLAR
“Torpaqlarımıza “zəvvar” adıyla gələn erməniləri heç bir vəchlə, heç bir şərt altında Xudavəng və ya digər məbədimizə buraxmaq olmaz. Çünki bununla onların saxtakarlıqlarına haqq qazandıraraq torpaqlarımızdakı digər qədim xristian abidələrinə də iddialarını təsdiqləmiş olarıq…”
 
Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi birləşmələrinin nəzarətində qalan Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də sülənən separatçı-terrorçu erməni rejimi  ötən həftəsonu “Akobavankın dirçəlişi” adlı layihəyə start verdirib. 

Bu haqda Panorama.am məlumat yayıb.
 
“Akobavank”  dedikdə erməni xuntası Kəlbəcər rayonunun  Kolatağ kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur. 

Guya “vaxtilə yepiskop və katolikosun iqamətgahı kimi fəaliyyət göstərən” ibadətgah olaraq təqdim edilən monastır kompleksinin “dirçəldilməsi” layihəsini “Ermənistan memarlığının öyrənilməsi fondu” “ReArmenia” əməkdaşlıq və fandreyzinq(hər hansı bir xüsusi səbəbə görə pul yığmaq) innovativ platformasında vəsait toplamaq yolu ilə həyata keçirəcək.
 
Əməkdaşlığın təşəbbüskarları və tərəflərinin separatçı-terrorçu erməni rejimi və Erməni Apostol Kilsəsinin “Artsax” eparxiyası olduğu bildirilir.
 
"Üç əsrdir ki, burada bərpa işləri aparılmayıb və bu gün monastır məhv olmaq təhlükəsi altındadır... Bərpa işlərinin keyfiyyətinə nəzarəti  “Akobavank”ın bərpası layihəsini təqdim edən memar Samvel Ayvazyan həyata keçirəcək”- erməni mediasının yaydığı xəbərdə belə deyilir.
 
Samvel Ayvazyan 30 ildən artıqdır ki, işğal altında olan Azərbaycan və Qərbi Azərbaycan torpaqlarındakı məbədlərin, o cümlədən Kəlbəcərdəki Xudavəng məbədinin “bərpası”, əslində saxtalaşdırmasıyla  məşğul olub.

Saxtakar  “memar” S.Ayvazyan jurnalistlərə bildirib ki, qazıntı işlərinin də aparılması planlaşdırılır. İşlər üç il ərzində və müvafiq olaraq üç mərhələdə aparılacaq.
 
Xatırladaq ki,  dünən – oktyabrın 25-də erməni mediası  mayın 2-dən Azərbaycan tərəfinin erməni zəvvarları(?) buraxmadığı  Xudavəng monastırı ilə bağlı danışıqların bərpa olunması haqda məlumat yayıb. Guya  erməni tərəfi azərbaycanlılara Xudavəngə buraxılmaları əvəzində  Aşıq Şəmşirin Ağdaban kəndindəki  məzarını müntəzəm ziyarətini təklif edib.  
 
Qeyd edək ki,  sovet dövründən bəri  Kəlbəcər rayonuna aid olmasına rəğmən Ağdaban kəndi Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan zonada yerləşir.

P.S. Torpaqlarımıza “zəvvar” adıyla gələn erməniləri heç bir vəchlə, heç bir şərt altında Xudavəng və ya digər məbədimizə buraxmaq olmaz. Çünki bununla onların saxtakarlıqlarına haqq qazandıraraq torpaqlarımızdakı digər qədim xristian abidələrinə də iddialarını təsdiqləmiş olarıq…
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də