Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı illərdir ən ciddi narazılıqlar sosial şəbəkələrdə yayılır. Bu mağazalar şəbəkəsinin xidmətlərindən istifadə edənlər köhnə, artıq istifadə olunmuş məhsulların (telefon, noutbuk, məişət texnikası və s.) təmir edilərək, yeni adıyla satılmasından, yaxud zəmanət verdikləri məhsullara yiyə çıxmamasından, kreditləşmə zamanı pozuntulardan daim şikayətçidirlər.
Azərbaycanda “Kontakt Home” qədər ən sərt şəkildə narazılıq edilən və tənqid olunan şəbəkə yoxdur. Quql axtarış sistemindən istifadə etməklə, bu mağazalar yarıtmaz fəaliyyəti haqda tam təsəvvür əldə etmək mümkündür.
“Kontakt Home” son günlər “kredit fırıldağı” ilə gündəmə gəlib. İddia edilir ki, kredit vaxtı çatan vətəndaşa “sistem maneəsi” yaradılır, onun şifrəsi dəyişdirilir və borcluya bu haqda məlumat verilmir. Nəticədə kreditin vaxtında ödənilməsinə maneə yaradılmaqla, əlavə faiz ödənilməsi üçün zəmin hazırlanır.
Dünyada istənilən normal qurum, biznes, xüsusilə satış fəaliyyəti həyata keçirən əxlaqlı şirkət dərhal araşdırma aparmalı, prosesi incəliyinə qədər aydınlaşdırmalı və ictimaiyyətə doğru-dürüst bilgi verməli idi. Çünki bu, şirkətin nüfuzuna ciddi şəkildə zərbə vurur. Ancaq “Kontakt Home” ittiham və bu ittihamları təsdiqləyən faktlarla bağlı “ənənəsinə” sadiq qalaraq, heç bir açıqlama yaymadı.
Şirkətin qeyri-rəsmi rəhbəri olan millət vəkili Elnur Allahverdiyevin şəxsi əlaqələri və vəzifəsinin ona verdiyi üstünlüklər səbəbindən mağazalar şəbəkəsi ictimai və rəsmi qurumların yoxlamasından da kənarda qalır, proses davam edir, mağazalar şəbəkəsinin yeni “mərkəzləri” açılır, reklam olunur və daha kimlərsə, xəbərsizlər tora salınır.
Amma əlbəttə ki, mağazalar şəbəkəsi haqda səsləndirilən tənqidlər öz bəhrəsini verməyə bilməz və bunu qurumun rəhbərləri də bilirlər. Buna görə də artıq yeni fəaliyyət növü tapıblar. Məsələn, troll şəbəkəsi.
Ötən gün tarixçi alim, dosent Zaur Əliyevin paylaşdığı və medianın tirajladığı məsələ ilə bağlı da trollarını aktivləşdiriblər. “Prosta Neftcalali” nikli bir sürü troll bu məlumatlara qarşı öz düşüncələrinə görə kampaniya aparıb, “Kontakt Home”un “nüfuzunu” qorumağa çalışır. Qondarma profillərdən “Kontakt Home” təriflənir, tənqidləri səsləndirənlər ən ağır sözlərlə təhqir edilir.
Bu şərhləri yazanların başında məhz millət vəkilinin özünün dayandığını ehtimal etmək üçün xeyli şübhələr də var. Bir insanın hansısa mağazadan şikayətinə digəri niyə söyüş, təhqir və alçaldıcı ifadələrlə cavab verib, “Kontakt Home”un müdafiəsinə qalxmalıdır? Demək, söyüş səviyyəsinə qədər “canıyanan” olmaq lazımdır, bu isə şübhələri millət vəkilinin və yaxın ətrafının üzərinə daşıyır.
“Kontakt Home”ni müdafiə edib, təhqirlər yağdıranların profillərinə göz atanda hər şey üzə çıxır: saxta foto, saxta imza, aylarla paylaşım edilməyən səhifələr, bir sözlə, feyk, trol…
Əgər Elnur Allahverdiyevə kimlərsə bu saxta profillərlə onun və şirkətinin nüfuzunu qoruduğunu deyirsə, yalan deyir və millət vəkilini ələ salır. Çünki indi virtualda olanların əksəriyyəti çox yaxşı bilir troll nədir, hansı profillər feykdir, onların arxasında kim və necə dayanır.
Millət vəkili əmin ola bilər ki, bu saxta niklərin arxasında durub, tənqidçiləri və ittihamçıları təhqir edən şəbəkə yalnız “Kontakt Home”a və onun sahibinə nifrət qazandırır, onun “işgüzar nüfuzunu” bu cür qorumağa girişənlər rəhbərlərini yalnız baltalayırlar. Çünki millət vəkilinin trollar saxladığı, narazı insanlara qarşı ən ağır söyüşlərdən istifadə etdiyi, əhalinin yanında olmaq əvəzinə onların şikayətini bu cür əxlaqdankənar söyüşlərlə geri çevirdiyi haqda təsəvvürlər yaranır.
Hər bir halda bunun qayğısına millət vəkili özü qalmalıdır. Günlərin birində bu təhqirlərin əvəzini o trollar yox, E.Allahverdiyev özü verməli olacaq.(Araz.az)