Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kişidi bu ! Beş minlik “aliment” …

    Yazsam olmur, yazmasam bir ayrı dərd. Lənət şeytana deyə bilmirəm, çünki bu dəfə lənət şeytana deyil,  arvadını, uşağının anasını, qız-gəlinini sosial şəbəkələrdə, efirlərdə, xəbər agentliklərində müzakirəyə çıxaranlara və dünyaya gətirdiyi övladın sayəsində qazandığı “ana” adından utanmayan “qadınça”laradır.
     
    Məsələ budur ki, cinsi istismar zəmimində baş verən hadisələrdən təngə gəlmişik. Min bir dərdimizin arasında bir də hər gün mediada, sosial şəbəkələrdə arvadın (qızın yox) iki “adaxlı”sı arasındakı sıçan-pişik davasından, hələ ayıbına kor olmaqdansa, məsələni hüquqi müstəvidə sakitcə, səssiz-səmirsiz, kişiliyindən utanaraq həll etməkdənsə, başqa birinin əlinə telefon verib fəxrlə bunu çəkib sosiallaşdırmaq həvəsləri bizi humanistlikdən çıxardır. Qaynanaların (örpəksizlər silsiləsi) gəlinini oğluna xəyanətdə suçlayıb, bar-bar bağırmaqlarından, dayı-əmilərin, qardaş-bacı balasını zorlamaqlarından, atanın quduzlaşıb öz qızına təcavüz etməsi xəbərlərindən, ərlərin arvadlarını televiziyaya çıxarıb üzü qızarmadan başqasıyla münasibətini isbatlamağa çalışmağından bu millətin gələcəyi SOS həyəcan təbili çalır!  
     Xəbər, reyting xatirinə bunları edənlər bilin ki, sizin də övladlarınızın gələcəyi bu xəbərlərin təsiri altında formalaşacaq. KİV, media bu kimi ictimai ayıbları, qınaqları ictimailəşdirmək üçün deyil, lazımi tədbirlər görüldükdən sonra onun nəticələri barədə düzgün və yerinə-məkanına uyğun şəkildə maarifləndirmə aparmaq üçündür. 
Əvvəla, xüsusi qurum yaradılmalı, bu işlər nəzarətə götürülüb, sosial ədəb çərçivəsində həll edilməlidir. Əks halda, evliliklər, normal münasibətlər, abır-həya anlayışı, qadınlıq, kişilik məfhumu yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Biz nəsli kəsilməkdə olan heyvanları qoruyuruq, amma göz görə-görə insanlığın, şəxsiyyətin  nəslinin kəsilməsini seyr edirik. 
   Bir qadının əxlaqsızlaşmağına səbəb olan amilləri saymaq, kişilərin son vaxtlar kütləvi şəkildə ailə dramlarını ictimailəşdirməyə meyllənməklərinin səbəbləri haqqında daha geniş yazmaq üçün gecdir, çünki dijitallıq sözdən daha güclüdür. İndi nəticəyə fokuslanmaq lazımdır. Tv-radiolara kəskin bariyerlər qoyulmalıdır, sosial mediada xəbərlərin yayım formasında dəyişiklik edilməli, məhdudiyyətlər olmalıdır. Gənc ailələrlə ailə institutları vasitəsilə görüşlər keçirilməli, şüuraltına təsir effektli sosial- ictimai layihələr icra edilməlidir və bu layihələrin icrasında ümumrespublika miqyaslı bir çox qurumlar iştirak etməlidir. İnanıram ki, belə olan halda, qarşıdakı 5-10 illikdə hazırki vəziyyətlə müqayisədə xeyli irəliləyiş əldə edə bilərik. Eyni zamanda genefondumuzu qurtarmış olarıq. Çünki hazırda dünyada gedən kürəsəl dini, etnogenetik mübarizənin mayasında türkçülük fobiyası, irqi-ayrıseçkilik, cinsi azlıqlarla bağlı dezinformasiyalaşdırma, intim məsələlərin ictimailəşdirilməsi, ailə-məişət dəyərlərinin məhv edilməsi vasitəsilə İslam dininə, türk kökəninə qarşı antipatiya yaratmaq, multikultural keyfiyyətlərin məcrasını dəyişmək tendensiyası durur. Biz bu qlobal mübarizəyə çadra ilə, namazla, sadağa-fitrə ilə qalib gələ bilmərik. Yeganə və mütəşəkkil üsul mədəni-kultural dəyərlərimizə sahib çıxıb, bu dəyərləri beynəlxalq arenaya örnək olaraq təqdim etməkdir. Necə ki 44 günlük mübarizədə xalq olaraq bir yumruq - bir bilək olub birləşdik!
      
      P.S. Tarixi - Nadiri yarıyacan oxumuşam, amma "Türkan, istəyirsənsə, mən halalığını verirəm, qoşum səni bunun qoluna, get. Beş min manat aliment verməyə hazıram"- deyən şəkili “ər”ə söz tapmıram deməyə... 
 
    Rübabə SAHİB
       Jurnalist 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də