Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir.
İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə 30 illik işğal dövründə bu qiymətli sərvətləri amansızcasına dağıtmış, Ermənistana daşımış, daşınması mümkün olmayanları isə məhv etməklə ekologiyaya ciddi ziyan vurmuşlar. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası"na ziddir. Ermənistan Azərbaycanın qədim tarixi-mədəni irs mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanın, eyni zamanda türk dünyasının mədəni irsini, ümumbəşəri dəyərlərini hədəf alaraq vandalizm siyasətini davam etdirmişdir.
Bəli, işğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.
Həcər Əliyeva,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi.