Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Jurnalistlər MTN generalının məhkəməsinə buraxılmadı

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
 
Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
 
Belə ki, təqsirləndirilən şəxslərin yaxınları məhkəmə prosesinə buraxılsa da, heç bir səbəb göstərmədən jurnalistlərin məhkəmə zalına daxil olmasına icazə verilməyib.
 
Hazırda məhkəmə iclası davam edir.
 
İttihama görə, N.Şirinovun MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş E.Abdullayev və E.Tahirov, əməliyyat müvəkkili işləmiş N.Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
 
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də