Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəhşətli qəzada qaydanı pozan KİMDİR? – Polis aydınlıq gətirir

“Hazırda hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. İlkin və gözlə görünən məlumata görə, yük maşını hərəkət etdiyi zolaqdan çıxaraq, avtobusu arxadan vurub. Bu da təqsirin məhz yük maşınında olduğunu deməyə əsas verir. Çünki yük maşının yol hərəkəti qaydalarını kobub şəkildə pozduğu aşkar görünür. Amma təbii ki, yekun nəticə istintaqdan sonra bəlli olacaq”.
 
 
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bugünükü qəzada təqsirkar tərəfin kim olması ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, sürücünün 19 yaşının olması onun nəqliyyat vasitəsini “C” kateqoriyasında idarə etməsinə maneə deyil və qanunsuzluq sayıla bilməz:
 
““Yol hərəkəti haqqında” Qanuna görə, hər bir vətəndaş 18 yaşında “B” və “C” kateqoriyalarını ala bilər. Sürücünün də qeyd edilən kateqoriyası var. Qanunvericilikdə sürücülük üçün tələb olunan kateqoriyalar nəzərdə tutulub. Məsələn, “B” kateqoriyası üçün 5 illik təcrübə tələb olunur. Yəni avtobus idarə edən şəxsin 5 illik təcrübəsi olmalıdır. Amma “C” kateqoriyası üçün belə bir tələb yoxdur. Əksəriyyət sürücünün yaşına köklənib, amma burada qanunsuzluq yoxdur”.
 
DİN rəsmisi qeyd edib ki, hazırda sürücü saxlanılaraq, istintaqa cəlb olunub, ifadəsi alınıb və hadisənin təfərrüatları aydınlaşdırılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
 
Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Yük maşının sürücüsü, 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də