Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı-Sumqayıt yolunda tıxac problemi necə həll oluna bilər?

Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər görülsə də, ərazidə avtomobil sıxlığının qarşısını tam almaq mümkün olmayıb.Pandemiya dönəmində yolda avtomobillərin hərəkəti nisbətən azaldı, lakin sentyabrın sonu ölkədə tədris tam bərpa olunandan sonra ərazidə yenidən tıxaclar yaranıb. Adıçəkilən yolda tıxacların aradan qaldırılması üçün əlavə hansı tədbirlər görülməlidir?
RegionTV.info bildirir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, problemin aradan qaldırılması üçün Bakı-Sumqayıt yoluna çıxan ərazilərə ictimai nəqliyyatın sayı artırılmalıdır: "Bakı-Sumqayıt yolundan yalnız Sumqayıta getmək üçün istifadə olunmur. Şimal istiqamətdən Bakıya daxil olan bütün nəqliyyat vasitələri bu yolla hərəkət edir. Sumqayıtla yanaşı Quba-Qusar zonasından, Şamaxı istiqamətindən gələn avtomobillər də bu yolla Bakıya daxil olur.
Bununla yanaşı, Sumqayıt şəhərindən, Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən, Abşeron rayonundan Xırdalan şəhəri, Masazır, Novxanı, Sulutəpə, Hökməli, Saray qəsəbələrindən hər gün Bakıya gələn nəqliyyat vasitələri həmin yolla hərəkət edir və yolun yükü həddindən çoxdur. Buna görə də, bu yolda genişlənmələr aparılsa da, tıxacların qarşısını almaq mümkün deyil".
Ə.Hüseynov bildirib ki, problemin aradan qaldırılması üçün Bakının müxtəlif istiqamətlərindən adıçəkilən ərazilərə müntəzəm marşrut xətləri açılmalıdır: "Məsələn, Əhmədlidən Yasamala, metronun "28 may" stansiyasına, Bayıla marşrutlar olan kimi, Xocahəsəndən, Sumqayıtdan, Saraydan, Novxanıdan və digər ərazilərdən Bakının müxtəlif istiqamətlərinə müntəzəm marşrutlar hərəkət etməlidir. Həmin marşrutlar şəhər və qəsəbələrdən yalnız metronun "20 yanvar" stansiyasına deyil, "28 may" stansiyasına, "Neftçilər" stansiyasına, Yasamala, Əhmədliyə, Bayıla və digər ərazilərə hərəkət etməlidir. "Müşviqabad - "28 may"", "Saray-Yasamal", "Xırdalan -"Neftçilər stansiyası"" və sair marşrutlar açılarsa, Bakının şimal girişinin yükü azala bilər. Yalnız belə olan halda Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması mümkündür".
Ekspert bildirib ki, həmçinin bu problemin həlli üçün Bakıdan Xırdalan və Sumqayıt ərazisinə metro xətti çəkilməlidir: "Məcbur deyil ki, bu xətt yeraltı olsun. Bakıdan Xırdalan və Sumqayıta yerüstü metro xətti çəkilə bilər. Xarici ölkələrdə bu praktika var. Bu cür addımlar atılarsa, Bakı-Sumqayıt yolunun nəqliyyat yükü kifayət qədər azalar və tıxac problemi həllini tapar.
Bununla yanaşı, hazırda Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarlarının da sayı və sürəti artırılmalıdır. Hazırda bu istiqamətdə hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki qənaətbəxş deyil".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də