Biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq.
RegionTV.info bildirir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlət başçısı bildirib:
"Mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları.
Əgər kimsə hesab edir ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Mən deyəndə ki, biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın, mən bunu nəzərdə tuturam. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar - bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq.
Ona görə İkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir. Bilirəm ki, bəziləri bundan narahatdır. Bəziləri hesab edirlər ki, onlar indi gələcək proseslərdən kənarda qaldılar. Onların öz işidir. Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil".
Xəbəri paylaş