Tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov hər həftə müayinə etdiyi xəstələr içərisində ağciyər xərçəngi diaqnozunun artdığını etiraf edib.
İnsanların Bakıda və xüsusən mərkəzində yaşamağa can atması sağlamlıqları üçün heç də yaxşı nəticə vəd etmir. Professor RegionTV.info-ya Bakıda yaşamağın ağciyərlər üçün nəyə görə zərərli olduğunu açıqlayıb.
“Mən dünyanın yarıdan çoxunda, iri şəhərlərində olmuşam, çalışmışam. Bir çox şəhərlərdə binaların sıxlığının qarşısı alınır, havaya atılan avtomobil qazlarının miqdarı ölçülür, çox tikintilər şəhər ətrafında aparılır. Baxın, iri şəhərlərdə zavodlar, iri idarələr, universitetlər hamısı şəhər ətrafındadır.
Bakıda isə hər kəs şəhərin mərkəzinə toplaşmağa meyillidir. İnsanlar mərkəzdə yaşamağa can atır. Halbuki mərkəzə doğru keçdikcə, hava daha da zəhərli olur. Kimin imkanı var, milyonlar xərcləyib, mərkəzdə ev alır. Düşünmür ki, bununla özünü, ailəsinin gələcəyini təhlükəyə atır. Avropada, Amerikada zəngin insanlar mütləq şəhərdən kənarda malikanə alır.
Bakıda tıxaclar, yollarda sıxlıq, avtomobil çoxluğu havaya zəhərli qazların, maddələrin atılmasını çoxaldır. O qazlar yollarda və avtomobillərdə olan hər kəsin tənəffüs yolları ilə ağciyərlərinə keçir.
Hündür yeni tikili binalara da münasibətim mənfidir. Onlar ən azından güclü radon mənbəyidir. Bu hava çirklənməsi yox, şüa yüklənməsidir, hansı ki, xərçəngin bir nömrəli səbəbkarıdır.
Bu gün həm radioloji, həm ekoloji vəziyyət Bakıda çox pisdir. Təəssüf ki, bunu araşdıran, ölçən, statistika aparan qurum yoxdur. Kimdən soruşsan, hər şeyin əla olduğunu deyirlər. Amma özləri də buna inanmırlar.
Hesab edirəm ki, bu gün Bakıda təmiz hava axtarmaq absurddur. Bakıda yaşamaq özü ağciyərlər üçün təhlükədir. Ona görə də Azərbaycanda ağciyər xərçəngi günbəgün artır, bəlkə də birinci yerdədir.
Məsləhətim odur ki, yaşayış yerinizi şəhərdən kənarda alın, təmiz havalı yerlər seçin, həyət evlərində yaşayın, imkan tapan kimi şəhərdən uzaqlaşıb təmiz hava alın.
Səhiyyə qurumları uşaqların, hamilə qadınların sağlamlığını düşünməlidirlər. Sağlıqdan qiymətli bu dünyada heç nə yoxdur”.
Xəbəri paylaş