Polşa Ekstraklassasının X turunda "Lexia"ya uduzan (1:3) "Legiya Varşava"nın hücumçusu Mahir Emreli oyundan sonra klubun mətbuat xidməti əməkdaşının verdiyi bir neçə sualı cavablandırıb.
RegionTV.info xəbər verir ki, Azərbaycan millisinin üzvü məğlubiyyəti şərh etməkdə çətinlik çəkdiyini deyib:
"Bizdə hər şey qaydasındadır. Düzdür, ekstraklasa çox tələbkardır. Döyüşmədən, qaçmadan bu liqada heç nə qazana bilməzsən. Bütün komandalar müdafiə olunmağı və hücum etməyi bilirlər. Hər xal üçün çox mübarizə aparmalısan. Mübarizə ruhu olmadıqda bəzən keyfiyyət belə kömək etməyəcək. açığı, bu matçı necə şərh edəcəyimi bilmirəm. İndi baş verənlərə görə kədərlənirəm və qəzəblənirəm. Oturub bu görüşü təhlil etməliyik. Ancaq bu gün bunu etməyəcəyəm".
O, avrokuboklarda uğurlu çıxış etdikləri halda, çempionatda işlərinin yolunda getməməsinə münasibət bildirib və tezliklə vəziyyəti düzəltməli olduqlarını deyib:
"Cümə axşamı mövsümün əvvəlindən bəri ən yaxşı oyunlarımızdan birini keçirdik, bu gün isə çox pis oldu. Hazırda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, oyundan sonra oturub hər iki oyunu təhlil etməli və sonra əsas olanı göstərməliyik və yalnız bundan sonra işə davam edə biləcəyik. Mən məyus oldum. Uduzduq, liqada yaxşı vəziyyətdə deyilik, amma bunun nədən qaynaqlandığını bilmirəm".
Emreli start heyətində yer almamasını belə izah edib:
"Məşqçi məndən hansı formada olduğumu, vəziyyətimin necə olduğunu soruşdu. Cümə axşamı hər kəs çox çalışmışdı. Mən də əlimdən gələni etdim. Bu, məşqçinin qərarıdır. Bəzən məni ilk "11-liy"ə salacaq, bəzən də etməyəcək. Bu cür qərarları məşqçiyə həvalə edirəm".
Millimizin hücumçusu "Ürəyindən qolçular kralı olmaq keçirmi" sualını da cavablandırıb:
"Dediyim kimi, Polşa liqasının səviyyəsi yüksəkdir və burada hər matç çətin olur. Titullar haqqında düşünmürəm. İlk növbədə klubun ən yaxşı olmasını istəyirəm. "Qolçuların kralı" titulunu qazana bilsəm, əyləncəli olar, amma Polşa çempionluğunu qazanmaq mənim üçün ən vacib olacaq. Baş mükafatı qazanmayacağıqsa, digər fərdi mükafatların da əhəmiyyəti olmayacaq".