Şəmkir rayonunda 1980-ci il təvəllüdlü Əziz Səfərov 1981-ci il təvəllüdlü qohumu İradəyə (ad və soyadlar şərti verilib - red.) təcavüz edib.
RegionTV.info bildirir ki, Əziz 23 noyabr 2019-cu ildə saat 13-dən saat 18 radələrinə kimi Şəmkir şəhərində yerləşən "Morul" şadlıq evində qızı Mətanətin nişan mərasimi ilə əlaqədar təşkil olunmuş məclisdə iştirak edib.
Daha sonra gecə İradənin Dağ Cəyir kəndində yerləşən evinə gəlib. O, İradə ilə yemək yeyib, spirtli içki qəbul edib. İradənin sərxoş vəziyyətdə olduğunu görüb, 2013-cü il təvəllüdlü oğlu Səidin azyaşlı, 1951-ci il təvəllüdlü anası Leylanın yaşlı qadın olması ilə əlaqədar ona aktiv şəkildə müqavimət göstərə bilməyəcəklərini düşünüb.
Bu səbəbdən İradə ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib. Cinsi ehtirasını təmin etmək niyyəti ilə İradənin yataq otağındakı çarpayıda gecə paltarında yatmasından istifadə edib, onu qucağına alaraq digər otağa hazırlanmış çarpayıya gətirib.
Qadın yuxuda olarkən...
Əziz həm özü soyunub, həm də İradəni soyunduraraq onu qucaqlayıb. Qadın yuxudan ayılaraq irad bildirib, onun əlindən çıxmağa cəhd göstərib. Bu zaman çarpayıda yerə düşüb. Əziz də döşəmənin üzərində onun üzərinə çıxıb, təcavüz niyyətini davam etdirib. İradə qışqıraraq kömək çağırıb və müqavimət göstərmək istəyib. Əziz əlləri ilə onun ağzını və qollarını tutaraq fiziki güc tətbiq edib.
Əziz İradəni arxası üstə döşəmənin üstünə uzadaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, zorla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
"Gecəni ailəmlə öz evimdə oldum"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Dağ Cəyir kəndində yaşayır: "İradə ilə qohumluq münasibətlərimiz var. O, əmim oğlu Eldarın baldızıdır.
2019-cu ilin noyabrın 23-də qızımın nişan mərasimi olduğuna görə ailə üzvlərim və qohum-əqrabamla birlikdə Şəmkir şəhərində yerləşən "Morul" şənlik evində olduq. Ailəmin dəvəti əsasında həmin məclisdə İradə, anası Leyla və bacısı Səmayə də iştirak etdilər.
Nişan mərasimi saat 13 radələrində başladı, saat 18 radələrində başa çatdı. Musiqiçilər və şənlik evinin müdiri ilə görüşdük, sonra qonaqlar ilə birlikdə yaşadığım Şəmkir rayonu "Kraz yolu" adlanan yaşayış massivində yerləşən evimizə qayıtdıq. Həmin gecəni ailəmlə birlikdə öz evimdə oldum".
"Arvadım guya əxlaqsız hərəkətlərlə məşğul olur"
Təqsirləndirilən şəxsin sözlərinə görə, onun şənlik evinə borcu olduğu üçün noyabrın 24-də atasının yaşadığı Şəmkir rayonu Dağ Cəyir kəndində yerləşən evinə gedib:
"Həmin gün İradənin evində olmamışam. Nişan mərasimindən sonra İradə arvadım barəsində xoşa gəlməyən sözlər danışmağa başladı. İradənin dediyinə görə, arvadım guya əxlaqsız hərəkətlərlə məşğul olur, kimlərləsə yaxın münasibət saxlayaraq mənə xəyanət edir.
İradə mənim şərəf və ləyaqətimi alçaltdığına görə noyabrın 25-də, yəni nişan mərasimindən iki gün sonra ona zəng vurdum, onu söydüm, arvadım barəsində düzgün olmayan, rüsvayedici sözlər danışdığına görə onu məhkəməyə verəcəyimi söylədim. İradə telefonda arvadımın barəsində dediklərini inkar etdi. "Dediyin sözləri izah etmirsənsə, səni məhkəməyə verəcəm" söylədim.
Ancaq əsəbim sakitləşəndən sonra düzgün etmədiyimi düşündüm, İradəyə "xətrinə dəydimsə, bağışla" məzmunlu mesaj göndərdim".
"Cinsi əlaqədə olmamışam"
Təqsirləndirilən şəxs deyib ki, noyabrın 27-də Şəmkir rayon polis şöbəsinin Hakim adlı əməkdaşı ona zəng edib və polis şöbəsinə gəlməsini xahiş edib:
"Həmin gün Şəmkir rayon polis şöbəsinə gəldim. Orada İradənin məndən şikayət etdiyini bildim. İradənin dediyinə görə, guya noyabrın 23-dən 24-ə keçən gecə evinə gələrək onunla yemək yeyib, spirtli içki qəbul etmişəm, daha sonra onunla zorla cinsi əlaqədə olmuşam.
İradə qərəzli olaraq barəmdə şikayət edib. Onunla heç vaxt cinsi əlaqədə olmamışam, onu zorlamamışam".
"Nişan məclisində arağı limonada qatıb içdik"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İradə bildirib ki, əvvəllər cinayət törətdiyinə görə 9 il azadlıqdan məhrum etmə cəzası alıb və cəzasını çəkərək başa vurub: "Əziz mənim həmkəndlimdir. Bundan başqa, qohumluq münasibətlərimiz də var. Onun əmisi oğlanları Eldar və Sərdar mənim yeznələrimdir.
Noyabrın 23-də ailə üzvlərimlə birlikdə Əzizin qızının nişan məclisinə getdik. Nişanda Əzizin bacısı Fəranə ilə limonada araq qataraq içdik. Nişan məclisi başa çatandan sonra anam və azyaşlı oğlumla yaşadığımız Dağ Cəyir kəndinə qayıtdıq".
"Əziz gecə 700 qramlıq araqla evimə gəldi"
Zərərçəkmişin ifadəsinə görə, gecə saat 24 radələrində Əziz xəbərsiz onun evinə gəlib: "Əziz özü ilə 700 qramlıq araq da gətirmişdi. Arağı stolun üstünə qoydu, mənə "əmi qızı, bunu nə ilə içək" dedi.
Ona gecə vaxtı nə hazırlaya biləcəyimi dedim, kartof bişirməyimi istədi. Kartofu doğradım, sobanın üstünə atdım. Anam süfrə açaraq stola turşu, pendir və çörək qoydu. Əzizlə oturaraq araq içdik. Təxminən 100-200 qram araq içdikdən sonra sərxoş oldum. Çünki nişanda da araq içmişdim.
Əziz Şəmkir şəhərində yaşadığına və gecə vaxtı olduğuna görə anam qonaq otağında ona yer açdı".
"Zorla cinsi əlaqədə oldu"
İradə deyib ki, digər otaqda anası və oğlu üçün yer salıb və yatıblar: "Təxminən 1 saat keçdikdən sonra hiss etdim ki, bədənimdə əl gəzir, kimsə məni qucaqlayaraq öpür. Ayılanda özümü Əzizin yatdığı otaqda çarpayıda gördüm. Əynimdə yalnız köynək qalmışdı. Əzizin əlindən çıxaraq qaçmaq istədim. Bu zaman yerə yıxıldım. Əziz tutaraq məni saxladı, bədəni ilə məni döşəməyə sıxdı, zorla qucaqladı, üzümü və sinəmi öpməyə başladı. Əlləri ilə qollarımı möhkəm tutdu, müqavimət göstərmək istəyəndə var gücü ilə öz bədəni ilə məni döşəməyə sıxdı.
Aramızda olanları heç kimə bildirməyəcəyini dedi, cinsi əlaqədə olmağı təklif etdi. Təkliflə razılaşmadım, ona müqavimət göstərmək istədim. O, əlləri ilə ağzımı tutaraq mənə fiziki güc tətbiq etdi. Məni arxası üstə döşəmənin üstünə uzadaraq üzərimə çıxdı, təbii yolla zorla cinsi əlaqədə oldu".
"Zəhərləndiyimi hiss etdim"
İradə bildirib ki, səsə oyanmış oğlu anasını da oyadıb: "Anam otağa daxil oldu, məni Əzizin əlindən aldı və digər otağa aparmaq istədi. Bu vaxt Əziz ayağımdan tutdu, sürütləyərək məni yenə öz olduğumuz otağa saldı. Əzizlə dartışdım, anam səs etdikdən sonra Əziz məni buraxdı və getdi. Həmin hadisə oğlum və yaşlı anamın gözləri qarşısında baş verib.
Səhəri gün nədənsə özümü pis hiss etdim və zəhərləndiyimi başa düşdüm. Bacıma zəng edərək zəhərləndiyimi bildirdim. Bacımın xahişinə əsasən kəndin tibb bacısı həmin gün evə gəldi, mənə iynə vurdu. Zəhərləndiyimə görə zorlanmağım barədə hüquq-mühafizə orqanlarına vaxtında şikayət edə bilmədim".
"Utandığımdan zorlandığımı bildirməmişəm"
İradənin sözlərinə görə, noyabrın 25-də bacısı Ramella onun zorlandığını bilib: "Noyabrın 26-da məni Şəmkir şəhərinə apardı və polisə şikayət etməyimi istədi. Noyabrın 27-də saat 18 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Əziz tərəfindən zorlanmağım barədə məlumat verdim. Ərizə ilə müraciət etməyimə qohumlarımın, dostlarımın və ya başqa şəxslərin təsiri olmayıb".
Zərərçəkmiş bildirib ki, Əzizin arvadı haqqında hər hansı xoşagəlməz söz deməyib: "Əziz cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadə verir. Əvvəllər onunla hər hansı formada cinsi əlaqədə olmamışam. Hadisə vaxtı Əziz mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Utandığıma görə Əziz tərəfindən zorlanmağımı əvvəlcə bacıma bildirməmişəm".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Əziz 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri paylaş