Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri bardə cinayət işi başlanıb. Yevlax rayon prokurorluğundan RegionTV.info-ya verilən məlumata görə, Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş