
Bu müharibədə əsas güc əsgər və zabitlərimizin üzərinə düşdü. Həmin zabitlərdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin kapitanı Nicat Bədəlovdur.
Vətən müharibəsi Qəhrəmanı Nicat Bədəlov özü haqqında bəzi məlumatları və müharibə ilə bağlı təəssüratlarını RegionTV.info-ya danışıb.
"Mən Bədəlov Nicat Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşam. Uşaqlıqdan hərbi sənətə marağım olub. On dörd ildir ki, hərbi xidmətdəyəm. Bunun on ili Xüsusi Təyinatlı Dəstə ilə bağlıdır. Hərbidə olduğum müddətdə arzum, istəyim torpaqları azad etmək, şəhidlərimizin qisasını almaq olub.
Nəhayət, 27 sentyabr həmin günün başlanğıcı oldu. İlk döyüşüm Murovdağ istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunması uğrunda olub. Bütün bu istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşmuşam. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişəm. Heç birimizin gözündə qorxu yox idi. Heç bir çətinlik bizi çəkindirmirdi. Bizim üçün ən sarsıdıcı anlar çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımızın şəhid olması idi. Şükür ki, onların qanı yerdı qalmadı.
Vətən Müharibəsi Qəhrəmanı adı almağımı Laçın meşələrində eşitdim. Və bu, doğrudan da, gözlənilməz oldu.
Biz qalib idik. İllərlə həsrətində olduğumuz arzumuza çatmışdıq. Bu 44 gündə xalqımız vətən uğrunda bir yumruq kimi birləşdi. Gənclərə sözüm budur ki, öz torpaqlarını ürəkdən sevsinlər, millətinə, dövlətinə, rəhbərinə sadiq olsunlar".


