Təhsil müəssisələrində tədrisin tam bərpa olunması ilə əlaqədar Bakı metropoliteni səhər saatlarında qatarların hərəkət qrafikində intervalı 2 dəqiqəyə endirib.
Bunu RegionTV.info-ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, səhər saatlarından etibarən "Həzi Aslanov" - "28 may" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib: "Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki, son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Bu gündən etibarən təhsil müəssisələrində tədrisin tam bərpa edilməsi də sərnişin sayında dəyişiklik olacağı proqnozu verir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansısa sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq".
B. Məmmədov bildirib ki, bununla yanaşı metro işçiləri stansiyalarda pandemiya qaydalarına riayət olunması ilə bağlı sərnişinlərə tövsiyyələr edirlər".
Xəbəri paylaş