Qarabağdan 20-yə yaxın sahibkar elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət edib.
RegionTV.info bildirir ki, bunu qurumun "ASAN Xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.
Direktor müavini qeyd edib ki, "Azərişıq" ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir. Ötən illə müqayisədə bu il onlayn müraciətlərdə 50 faiz artım müşahidə olunur.
İ.İsazədə bildirib ki, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə "Azərişığ"a müraciət edir: "Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindirici haldır"
O həmçinin qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir.
Xəbəri paylaş