RegionTV.info
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinə növbəti hərbi təcavüzü və mülki yaşayış məntəqələrini ataşə tutması baş verdi. Bundan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu şanlı qələbəsi ilə işğal altında olan torpaqlarını azad etdi və düşmən ordusunu darmadağına məruz qoydu. Azərbaycan Ordusuna 44 gün kifayət etdi ki, 30 illik qurulan müdafiə və istehkam məhv edilsin, milyardlarla dollar dəyərində hərbi texnika və silah-sursatlar sıradan çıxarılsın.
Bu günlərdə Ermənistan İstintaq Komitəsi 44 günlük müharibədə həlak olanlar haqqında yeni məlumatlar açıqlayıb. Rəsmi rəqəmlərdə düşmən tərəfinin müharibə zamanı 3781 itki verməsi öz təsdiqini tapıb. Həmçinin 253 nəfər barəsində heç bir məlumatın olmaması da qeyd olunub. Bundan əlavə 11 min nəfərin yaralanması da öz əksini tapıb.
Qeyd edək ki, Ermənistan tərəfi 44 günlük Vətən Müharibəsi zamanı itkilərinin sayını gizlətməyə cəhd edir. Həqiqətdə itkilər bir neçə dəfə çox olsa da, ermənilər bu məsələdə də yalana əl atmaqla öz nüfuzunu qorumağa çalışır.
Xəbəri paylaş