"Haqlı olan və haqqını axtaran bir ölkəni heç bir şey qorxuda bilməz, heç bir böyük güc, heç bir iradə, heç bir təhdidedici addım qorxuda bilməz".
Bunu RegionTV.info-ya açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Türkiyəli ekspert bildirb ki, Azərbaycan ona qarşı edilənləri unutmayacaq:
"Azərbaycan haqqını tələb edir, heç kimin torpağında gözü yoxdur. Bizim torpağımızda gözü olanlar qorxsun, bizim torpağımızı bizdən alanlar qorxsun.
Azərbaycan müharibəsini apardı, öz gücü hesabına Ermənistanı əzə-əzə məğlub etdi. Ancaq Rusiya müharibənin sonlarında siyasi manevrlərlə Ermənistanın ortaya çıxan sarsıntısından istifadə edərək bir reallıq üzərində israr etdi. Azərbaycan da buradakı həssas məqamı gördü və məsələni atəşkəs sazişi ilə həll etdi. Bu o demək deyil ki, atəşkəsdən sonra Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən imtina etdi. Oranın onsuz da Azərbaycan torpağı olduğu 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapır və bütün dünyaya elan edilib. İndi hələlik bir müddət belə olacaq, amma bu vəziyyətdən istifadə etmək Azərbaycanda Rusiyaya qarşı böyük bir güvənsizlik yaradır.
Nəticədə Azərbaycan bu regionda, bu torpaqlarda güclənən bir aktyordur. Azərbaycanın müəyyən yolla torpağını istismar edərək, onun üzərində müəyyən plan qurmaq, oyun oynamaq bölgədəki vəziyyətin stabilliyinə xidmət edə bilməz. Azərbaycan indi ona qarşı edilənləri unutmaz, vaxtı gələndə doğru zamanda həqiqətdən yaranan həmlələrini edərək öz haqqını alacaq. Bu mövzuda xüsusilə dünyada geosiyasi gərginliklərin artdığı bir vaxtda belə bir böyük güvənsizlik yaratmaq, həmin dövlətlərin özünə zərər verəcək. Çünki artıq Türkiyə ilə Azərbaycan çox önəmli bir müttəfiqə çevriliblər, strateji bir iş birliyi qurublar. Bu reallıq bundan sonrakı müddətdə bölgənin, dünyanın geosiyasi vəziyyətinə damğasını vuracaq".
Xəbəri paylaş