Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı ölkə ərazisindəki təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürüb.
RegionTV.info bildirir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
Şöbə rəisi bildirib ki, Dövlət Yol Polisi əməkdaşları tədris müəssisələrinin yerləşdiyi ərazilər, yaxınlıqdakı küçə və prospektlərdə nəqliyyatın sıxlığının qarşısını almaq üçün nizamlayıcı qismində gücləndirilmiş rejimdə xidmət aparırlar: "Bölgələrdə tədris müəssisələrinin qarşısında və yaxın ərazilərdə bir o qədər sıxlıq müşahidə olunmayıb, proses normal keçib.
Bakı şəhərində tədris müəssisələri yerləşən küçə və prospektlərdə və ətraf ərazilərdə nisbətən sıxlıq müşahidə olunub. Yol polisi əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini təmin edib, küçə və prospektlərdə nəqliyyatın sıxlığının qarşısı alınıb. Paytaxt ərazisində nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib, baş verə biləcək hər hansısa bir hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb. Məktəblərdə və məktəblərin qarşısında lazımi təhlükəsizlik tədbirləri həyata keçirilib".
Xəbəri paylaş