Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
BŞTİ-dən RegionTV.info-ya verilən məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.
Yeni təyin olunmuş məktəb direktorları üçün məktəb idarəetməsinin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilib.
Xəbəri paylaş