Regiontv.info
“Olimpus Park” şirkətinin rəhbəri Rafael Qarayevin dayısı oğlu, idmançı Vüqar Fərəcli “Yeni Müsavat”ın jurnalisti İlkin Muradovu hədələyib.Azerbaycanrealligi.com xəbər verir ki, buna səbəb kimi V.Fərəcli jurnalistin “yoxlanılmamış materiallar” dərc etdiyini bildirib.
Vüqar Fərəcli hədə-qorxu gələrək sosial şəbəkə hesabında vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazım olduğunu qeyd edib. Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.
Jurnalist İlkin Muradov məsələ ilə bağlı artıq “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, “Olimpus Park” şirkətinin rəhbərliyinin həm vətəndaşlara, həm də jurnalistlərə qarşı kobud davranış nümayiş etdirdiyinin, hədə-qorxu gəldiyinin şahidi oluruq.
“Əgər əvvəllər şirkət rəhbərliyi hadisə yerində vətəndaşlarla əlbəyaxa davaya çıxırdılarsa, indi də virtual olaraq jurnalistlərə, sakinlərə hədə-qorxu gəlməyə başlayıb. Hesab edirəm ki, artıq məsələni hüquq müstəvisinə çıxartdıqdan sonra bu, onların edə biləcəyi son addım olacaq”, - jurnalist deyib. (Publika.az)