Bir həftədə iki GÖRÜŞ:“Bağlı qapı arxasında sərt xəbərdarlıqlar...”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb. Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib:
“Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”. Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
Görüşlə bağlı fikirlərini RegionTV.info-yla bölüşən siyasi analitik Turab Rzayevin sözlərinə görə, İran Qarabağ müharibəsindən əvvəl və sonra rəsmi mövqeyində adekvat deyil:
“Müharibənin əvvəlindən daha çox Ermənistanın mövqeyini dəstəklədilər, silahların daşınmasına şərait yaratdılar. Müharibə yeni başlayanda da həddindən artıq sepratçılıq edib, Azərbaycan tərəfinə müəyyən təzyiqlər göstərməyə çalışırdılar. Müharibə zamanı təxribat və şantaj xarakterli məlumatlar yayırdılar. Ancaq İran müharibənin sonuna doğru səhvini anladı və gördü ki, Azərbaycan qələbə çalacaq.
Bu zaman qeyri-səmimi olsa da, dövlətimizə yönəlik müsbət açıqlamalar verdilər. Lakin bütün bunlar saxta açıqlamalar idi. Hazırda isə yenə bəlli olur ki, Ermənistana gedən bütün yanacaq məhsulları və silah-sursatlar yenə İran ərazisindən keçir.
Bu yaxınlarda məlumat paylaşıldı və məlum oldu ki, İran avtomobilləri Xankəndiyə daxil olub. Nəzərə alaq ki, il ərzində İrandan Ermənistana keçən məhsulların dəyəri 4 milyon dollardan çoxdur. Əlbəttə ki, Azərbaycanın bütün bunlara görə rəsmi Tehrana güzəşt etmək fikri yoxdur. Lazım olan xəbərdarlıqları etmişik. Ancaq hansısa irəliləyiş yoxdur.
Ona görə də Prezidentin köməkçisi 1 həftə ərzində İran səfirini 2 dəfə qəbul etdi. Təbii ki, görüşün mətbuata açıqlanan hissəsində dostluq, əməkdaşlıq münasibətləri qeyd olunur. Lakin bağlı qapılar arxasında İrana bütün olanlarla bağlı açıq və sərt şəkildə xəbərdarlıqlar edilir”.