Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı üçtərəfli görüş keçiriblər.
RegionTV.info xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə əsas mövzu Azərbaycanın yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının beynəlxalq sferada uğurla həyata keçirilməsi, BMT sistemində onun təbliği, eyni zamanda islam ölkələri və İslam Əməkdaşlıq Təşkiatına daxil olan müxtəlif təşkilatlar vasitəsilə təşviqinə dair müzakirələr aparıldı.
Həmçinin, görüşdə “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı.
Nazir Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırdı. Eyni zamanda, bu layihə çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə beşillik fəaliyyət planının hazırlanması, həmçinin fəaliyyət planında BMT-nin Sivilizasiyalar Alyansı ilə yanaşı, İCESCO-nun da tərəfdaş qismində müxtəlif layihə və proqramlarının əks olunmasının vacibliyini qeyd etdi.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərliyə görə təşkilat adından təşəkkürünü bildirdi, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırdı. Həmçinin, onun tərəfindən bu qlobal kampaniyaya hər cür dəstək veriləcəyini, BMT-də bu layihənin təqdimatının keçiriləcəyini, eyni zamanda BMT Sivilizasiya Alyansı olaraq layihəyə qlobal tərəfdaşların cəlb edilməsində mühüm rol oynayacaqlarını diqqətə çatdırdı.
İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu qlobal layihəyə təşkilat tərəfindən də böyük önəm verildiyini vurğuladı, hətta layihənin təsis olunduğu tədbirdə təqdim olunan videomüraciətində təşkilat olaraq layihəyə dəstəyin ifadə olunduğunu xatırlatdı. İCESCO-nun hazırda bir çox sülhyaratma layihələri ilə bağlı ideyalarının olduğunu da bildirdi. Hazırda təməli qoyulan bir çox layihənin gələcəkdə kampaniya çərçivəsində inteqrasiyasının vacibliyindən danışdı.
Görüşdə layihəyə yeni tərəfdaşların cəlb edilməsi üçün gələcəkdə qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də bu ilin sonunadək bir sıra vacib addımların atılması qərara alındı. Xüsusən BMT-də layihənin təqdim edilməsinin, həmçinin cari ilin dekabrında İCESCO-nun Baş Konfransında layihə ilə bağlı təqdimatın keçirilməsinin vacibliyi qeyd olundu.
Xəbəri paylaş