Göyçay rayonunda qonşusunun evindən 20 000 manat oğurlayan şəxs saxlanılıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.
Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş