“Tələbə adını qazanmış hər bir gəncimizi, onların valideynlərini və doğmalarını ürəkdən təbrik edirəm. Xalqımızın yüksək təhsilə canatımı çox sevindiricidir. Təhsil sistemi xeyli dərəcədə iflasa uğrasa da, hər il 10 minlərlə azərbaycanlı gənc təhsildə yüksək nailiyyət əldə edir. Xalqımızın gündəlik dolanışığı nə qədər çətin olsa da, valideynlərin əksəriyyəti üçün uşaqlara yaxşı təhsil vermək bir nömrəli prioritet olaraq qalır”.
RegionTV.info-nun xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
AXCP sədrinin sözlərinə görə, ölkədə saysız-hesabsız valideyn geyimindən, ərzağından, gündəlik xərclərindən kəsir, borc alır, kredit götürür ki, ali məktəblərə qəbul olunmaq üçün övladları rəsmi təhsildən əlavə müəllimlərdən ödənişli dərslər alsın, ali məktəblərdə ödəniş edə bilsin: “Azərbaycanlı valideynlərin və gənclərin yüksək təhsil naminə etdiyi fədakarlıqlar şəxsən məni çox duyğulandırır. Xalqımız yüksək təhsilin önəmini yaxşı dərk edir. Xalqımız gənclərin təhsilinə qoyulan sərmayənin ən yaxşı sərmayə olduğunu bilir. Kaş ki, hökumət də bunu dərk edə, xalqdan öyrənə, təhsili əsas prioritet edə. Azərbaycanda məktəbəqədər təhsil də, orta və peşə təhsili də, ali təhsil də yenidən qurulmalıdır. Müəllimlər yüksək əmək haqqı almalı, hazırda repititorluq işinə can yandırdığı kimi, rəsmi işinə can yandırmalıdır. Ölkədə repititorluq işinə kütləvi ehtiyac aradan qalxmalıdır. Ailə büdcələri bu xərcdən, müəllimlər də yüksək maaş almaq üçün ikiqat işləmək məcburiyyətindən azad olmalıdır. Dövlət ali məktəblərində təhsil tam pulsuz olmalıdır. Dövlət yerli universitetlərin beynəlxalq reytinqini artırmağı prioritet vəzifə elan etməli, ən istedadlı gənclərimizin dövlət hesabına dünyanın ən yaxşı universitetlərində oxumasını təmin etməlidir. Sonda 100 minlərlə azərbaycanlı gəncin rüşvət vermədən ali məktəblərə qəbul olunmasına yol açmış test üsulu ilə qəbulu ölkəmizə gətirən Əbülfəz Elçibəyi, o sistemi ölkəmizdə uğurla tətbiq edən Vurğun Əyyubu hörmətlə anıram”.
Xəbəri paylaş