2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb. Ölüm faktı ilə bağlı iddialar müxtəlifdir.
Aytənin həyat yoldaşı Rəhman Niftəliyev də instaqramda canlı yayım açaraq hadisə haqda danışıb:
"Əgər Tahirənin qatiliyəmsə, mənə ən ağır söyüşlər söyün. Mənim balam ölüb, bu gün onun qanı üçün savaşıram, yaşamağa çox da meylim qalmayıb. İddialar da tez-tez dəyişilir, gah 2-ci, gah 3-cü mərtəbədən, gah da damdan atıldığı deyilir. Sözlər belə bir-birini tutmur. Bunlar hamısı istintaq prosesidir. Əgər, həqiqətən, balamın qatili mənəmsə, Badamdarda qalıram, gəlin evimi daş-qalaq edin".
Daha sonra R.Niftəliyev şəxsi instaqram hesabında hadisə ilə bağlı daha bir açıqlama verəcəyini anons edib: "Bu gün İlkin, Ceyhun, Orxan Süleymanovun və Mehriban Süleymanovanın haqqımda yaydıqları yalan uşaq cinayəti ilə bağlı açıqlama verəcəyəm. Əlimdə sübutlarım da var”.
Hər iki tərəf bir-birini ittiham edir. Baş Prokorurluğun isə hadisə ilə bağlı rəsmi açıqlamasında deyilir: "Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı - 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər".
RegionTV.info xəbər verir ki, "azxeber.com" əməkdaşları Aytənin Sumqayıtda yerləşən ata evində olublar. İlk olaraq Aytənin anası Mehriban Süleymanova ilə söhbətləşdik:
- Rəhmanla Aytənin münasibəti necə idi? Şiddət, döyülmə halları çox olurdu?
- Nişanlı vaxtından bu kimi hadisələr baş verirdi. Nişanlı vaxtı da qızı bir neçə dəfə döyüb. Qızımıza deyirdik ki, onunla ailə qurma, Aytən isə həmişə onu müdafiə edirdi, deyirdi düzələcək. Eşitmədi bizi. Heç cürə razılaşdıra bilmədik ki, ona ərə getməsin. Atası "sonda qoşulub qaçar biabır olarıq" deyə onun Rəhmanla ailə qurmasına razı oldu. Mən heç razı deyildim. Rəhman bir dəfə də nişanını qaytarıb. Bunu bildikdən sonra "bəlkə, hər hansı problemi var, gəl bu yoldan dön" dedim qızıma.
Ancaq eşitmədi bizi. Nişanlı vaxtı Rəhman anasıgilin yanında da döyüb qızımı. Qızımı qorxudurdu ki, bu haqda heç kim bilməsin. Mən bunların hamısını sonradan bilmişəm. Hər zaman Aytən onların gözündə təqsirkar idi. Aytənin atası rəhmətə gedəndən sonra deyirdi ki, daha onu döymürlər. Amma hadisə baş verən gün Rəhman zəng elədi ki, Aytən məni bezdirib, gəlin aparın. Zəng edəndə uşaq da ağlayırdı. Uşaq ağlayırdısa, bilirdim ki, Aytəni döyüb.
- Bəs Aytən döyülməsi haqda sizə demişdi? O, boşanmaq istəyirdi?
- Atasının ili çıxdıqdan sonra Aytən daha dözmədiyini, mənə boşanmaq istədiyini bildirdi. Dedi ki, daha biz ailə deyilik, Rəhman qapanıb otağa, bizə vaxt ayırmır. Ancaq dərs deyir, bizi özündən uzaqlaşdırır. Ailəsi ilə maraqlanmır. Aytən də onu qısqanmağa başlamışdı. Xəyanət etdiyindən şübhələnirdi. Bir qız söhbəti olduğunu, mesajları gördüyünü deyirdi. Bütün bunları bizə gələndə danışmışdı. Mənə "boşanmaq istəyirəm" deyəndə, dözməyini istədim. Dedim sonra "anası ailə dağıdır" deyərlər, döz, hər ailədə olur problem. Soruşdum ki, döyür yenə səni? Dedi yox, ancaq bilirdim ki, əvvəllər hətta hamilə olduğu vaxtlarda da çox pis döyüb Aytəni. Dedim, get danışarıq. Daha sonra taksiyə mindirib qızımı evə yola saldım.
Bir az sonra Aytən evə çatdığını bildirdi. Daha sonra isə Rəhman zəng elədi. Uşağın çığırtısı evi bürümüşdü. Bildim ki, Rəhman Aytəni döyür. Aytənin qayınanası isə bildirdi ki, qızın məni döyüb, gəl dəlini apar. Mən də hər zaman qızımı incitməmələri üçün onlara artıq söz deməmişəm. Mənim qızımla danışmaq ixtiyarım olmayıb. Hər zaman qayınanasından qızımı soruşmuşam. Zəng edəndə də səs ucaldan qoyublar, hər kəsin yanında qızımla danışmışam. Son zamanlar bezmişdim. Təhqir etdikləri üçün zəng də etmirdim. Atası rəhmətə gedəndə heç yasına gətirmədilər balamı. Atası üçün ağlayanda ona acıqlanırdılar. Gizlində ağlayırmış qızım.
- Aytəni xəstəxanada son dəfə görəndə o, sizə nə dedi?
- Mən qızımı elə görəndə həyəcanlandırmaq istəmədim. Olanları bacıma danışmışdı. Bir onu dedi ki, mama, almacıq sümüyüm sınıb. Dedim, heç nə olmaz. Qızım qorxurdu, deyirdi, yenə gələrlər üstümə. Mən balalarıma həsrət qalmışdım. Bizə iki dəfə gəlib, gedəndən sonra dava düşüb. Ancaq toyda, qonaqlıqda nəvəmi görürdüm. Hər zaman "baş qoşma, düzələcək" deyirdim. Rəhman da öz səhvini anlayacaq deyirdim.
Mərhumun qardaşı İlkin Süleymanov da hadisəylə bağlı AZXEBER.COM-un əməkdaşına danışıb: "Hadisə baş verəndə mən Şəkinin Baş Günnük kəndində idim, telefon vasitəsilə məlumat aldım. Bu mənə gələn ilk telefon zəngi deyildi. Günorta anam zəng elədi ki, taksi çağır, mən Badamdara getməliyəm. Ora niyə getməli olduğunu soruşanda anam bildirdi ki, deyiblər, gəl Aytəni apar, dava çıxıb. Rəhman anama zəng edib bildirib ki, ondan boşanıram.
Daha sonra bacımın qayınanası anama təhqiramiz sözlər deyərək anamı gəlməsi üçün tələsdirib. Taksi çağırdım və anamı Badamdara aparmasını istədim. Anamgil ora çatanda evdə heç kimin olmadığını görüblər. Qonşular bildirib ki, xəstəxanaya getdilər. Bizə ilkin olaraq deyildi ki, bacım uşaqla birlikdə özünü ikinci mərtəbədən atıb. Biz Aytənin huşu yerinə gələnə və ifadə verənə qədər həqiqət olaraq bunu bilirdik.
Aytən özünə gələndən sonra biz öyrəndik ki, Aytəni ikinci mərtəbədən deyil, evin ən üst mərtəbəsindən əri uşağı ilə bərabər atıb. Uşaq yerindəcə keçinib. Aytən dərhal yerə düşməyib. Tutunub, qalmağa çalışıb və yoldaşından kömək istəsə də, Rəhman ona kömək etməyib. Mən hadisə haqda biləndə donmuş vəziyyətdə idim. Qardaşıma zəng edib hadisə haqda bildirmişdim ki, orada olsun. Sonra əmimə zəng edib bildirdim. Aytənin qayınanası anama hücum çəkərək deyib ki, bunların baş verməsinə səbəb sən oldun. Sən qızının başını doldurdun.
İlkin Süleymanov deyir ki, bacısı öz istəyi ilə ailə qurub: "Aytən öz istəyi ilə ailə qurmuşdu. Biz Rəhmanın problemli olduğunu yəqin edirdik. Bu haqda mən valieynlərimə də bildirmişdim. Sadəcə olaraq bacım istədiyi üçün, ona görə aclıq aksiyası da etmişdi. Bütün bunlardan sonra atam məcbur qalıb bu münasibətə razılıq verdi. Atam rəhmətə gedənə qədər hər ailədaxili problemi böyüdüb, bizə bildirirdilər. Bütün bu hadisələrdən sonra atam daha da zəiflədi.
Keçən il koronavirusa yoluxdu və rəhmətə getdi. Atam rəhmətə getdikdən sonra ara sakitləşmişdi. Yəni, bunu biz belə bilirdik. Bizə heç bir məlumat vermirdilər. Ancaq biz əminik ki, evdə problemlər olub. Bizə xoşbəxt ailə təəssüratı yaratmışdılar. Atamın ili çıxdıqdan sonra ailədaxilində baş verən problemləri yenidən öyrənməyə başladıq. Biz ailədə qısqanclıq problemi olduğunu öyrəndik. Ailəsinə vaxt ayırmayıb. Aytən ayılan kimi ilk işlətdiyi sözləri "almacıq sümüyüm sınıb, qara ciyərim dağılıb və əməliyyat olunmuşam” oldu. Şok vəziyyətində idi. Daha sonra uşağını məndən və xalamdan soruşdu.
Bildirdim ki, uşaq da səninlə bərabər xəstəxanadadır. O, ölənə qədər bilmədi ki, övladı dünyasını dəyişib. Aytən hadisə haqda rəhmət getməzdən bir gün öncə vəkilə videoformatda izahat verib və hadisənin necə baş verdiyini bildirib. Son olaraq mən inanıram ki, haqq-ədalət öz yerini tapacaq, günahkarlar öz cəzasını alacaq".
Hadisə ilə bağlı Aytənin həyat yoldaşı Rəhman Niftəliyev də münasibət bildirib. O, instaqramda canlı yayım açaraq bu sözləri deyib: "Bu hadisə ilə bağlı nə paylaşılırsa, hamısı əsassızdır, heç birində fakt, dəlil yoxdur. Paylaşanların hamısına yazmışam ki, sübut elə. Mənə deyirlər ki, "sənin balan dünyasını dəyişib, sən burada fakt istəyirsən".
Qoyursunuz ki, yasımı saxlayım? Bütün Bakıda biabır olmuşam, balamın yasını saxlaya bilmirəm. Bu qədər yetər. Məni balamın qatili adalandırırdılar, gördülər o söhbət yetmədi. Söhbəti dəyişdilər, indi də intihar deyirlər. Ədalət yerini tapacaq. Mən sübutlarımı tam şəkildə əlimdə saxlamışam və lazımı anda, lazımı yerlərə verəcəyəm. Bu gün axşam Aytənin valideynini, qardaşlarını canlı yayıma dəvət edəcəyəm.
İttihamlarını soruşacağam. Mən heç kəsi ittiham etməmişəm, əgər əlimdə fakt varsa, bunu hüquq-mühafizə orqanlarına verərəm, orada-burada yaymaram. Onların işi ancaq qışqırmaq və qara yaxmaqdır. Dünyasını dəyişmiş balamın ruhuna hörmətsizliyə dözə bilmirəm və deyirəm ki, axşam danışacağam. Mənim yoldaşım və övladım dünyasını dəyişib, özüm də "qatil" adlandırılıram, amma fakt yoxdur. Bu gün nələr çəkdiyimə heç kim baxmır".
QALEREYA
Xəbəri paylaş