Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanan vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla müəyyən edilib ki, bu il mayın 31-də Gədəbəy rayon sakini, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
Bundan başqa, o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunan ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.
Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş