Türkiyədə altı il əvvəl Egey dənizinin Bodrum sahillərində qayığın batması nəticəsində dünyasını dəyişən suriyalı azyaşlı Aylanın xatirəsi yad edilib.
RegionTV.info xəbər verir ki, Aylanın cəsədinin aşkarlandığı sahildə anım mərasimi keçirilib.
Mərasimə hazırda çəkilişləri davam etdirilən “Aylan Baby” filminin kollektivi də qatılıb.
Mərasim iştirakçıları tərəfindən çiçəklərlə sahildə “Aylan Baby” ifadəsi əks olunub. Daha sonra aralarında uşaqların da olduğu qrup Aylanın ölümünü simvolizə etmək üçün sahildə uzanaraq qaçqınların çəkdiyi əziyyətlərə diqqəti cəlb etməyə çalışıblar.
Qeyd edək ki, 2015-ci ilin sentyabrın 2-də 14 suriyalı qaçqının olduğu qayığın Egey dənizinin Bodrum sahillərində batması nəticəsində həyatını itirən 5 nəfərdən biri də azyaşlı Aylan olub. Uşağın cansız bədəni Akyarlar məhəlləsinin sahillərində tapılmışdı.
Xəbəri paylaş