Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.
RegionTV.info xəbər verir ki, məlumatda deyilir:
"Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir".
Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Xəbəri paylaş