Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqust ayında 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.
RegionTV.info xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.
Onun sözlərinə görə, nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanıb.
2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.
Ümumilikdə, 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 82 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
11 Avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində müvəqqəti yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından yaralanıb.
Qeyd edək ki, həmin ərazilər 30 il Ermənistan hərbçilərinin nəzarəti altında olub və hazırda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edib ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Xəbəri paylaş