Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Gəncə şəhərinə səfər ediblər.
RegionTV.info xəbər verir ki, səfər çərçivəsində qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.
Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Diqqətə çatdırılıb ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Xarici KİV nümayəndələri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.
Xəbəri paylaş