ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarının Şimali Koreyaya səfərlərinə qoyulmuş qadağanın müddətini daha 1 il müddətinə uzadıb.
RegionTV.info xəbər verir ki, bu barədə "Associated Press" agentliyi bildirib.
"Dövlət Departamenti müəyyən edib ki, ABŞ vətəndaşları üçün əvvəlki kimi fiziki təhlükəsizliyə bilavasitə təhlükə törədən həbs və uzun müddətli saxlanılma ilə bağlı ciddi risk mövcuddur", - Dövlət Departamentinin ABŞ Federal hokümətinin rəsmi jurnalının saytında dərc edilmiş xəbərdarlığında deyilir.
Buna müvafiq olaraq, Koreya Xalq Demokratik Respublikasına (KXDR) bütün ABŞ pasportları bu səfər üçün xüsusi olaraq təsdiqlənmədikcə etibarsız sayılır.
Qeyd edilir ki, əgər müddət ABŞ Dövlət Departamenti tərəfindən uzadılmasa və ya ləğv edilməsə, Koreya Xalq Demokratik Respublikasında səfərlərə məhdudiyyət 2022-ci ilin 31 avqustunda başa çatacaq.
Xatırladaq ki, ABŞ vətəndaşlarının KXDR-ə gedişinə qadağa ilk dəfə amerikalı tələbə Otto Uormbierin Şimali Koreyada həbsi zamanı xəstələnməsindən və vətənə qayıtdıqdan az sonra ölümündən sonra Birləşmiş Ştatların o zamankı dövlət katibi Reks Tillerson tərəfindən 2017-ci ildə tətbiq edilib.
Xəbəri paylaş