“Mövcud pandemiya şəraiti ilə əlaqədar quru sərhədlərin bağlı olduğunu nəzərə alsaq, ötən ilin eyni dövrü ilə müqayisədə 4 tranzit daşıma faktı qeydə alınmışdısa, bu il 15 fakt aşkar edilib. Bunların da hər biri ağır yük nəqliyyat vasitələri ilə həyata keçirilib. Narkotik vasitələrin çəkisi artıb”.
RegionTV.info xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli “Arb 24” kanalına müsahibəsi zamanı bildirib.
2021-ci ildə Azərbaycana gətirilən narkotik vasitələr ən təhlükəli maddələrdir. Bunların 96%-i insanı zombiyə çevirən kimyəvi maddələrdir.
Fikrət Ələsgərlinin sözlərinə görə, son zamanlar kütləvi şəkildə yayılan patı adlı narkotik maddə gətirilənlər arasında üstünlük təşkil edir. Bu maddələr İran İslam Respublikasından gətirilir:
“Bizi narahat edən məsələ narkotikdən də daha təhlükəli sintetik maddələrlə qarşılaşmağımızdır. Son zamanlar narkomanlar arasında geniş yayılan “patı” adlı maddə də bu qəbildən olan narkotik vasitələrdəndir. Bunlar sadəcə sintetik tərkibli dərmanlar olsa da ucuzdur. Onlar standartlara cavab verməyən normalarla hazırlanır. Bu maddələr bizə İrandan, cənub sərhədlərindən gəlir”.
Bəs, görəsən, bu maddələr gömrükdən necə və hansı üsullarla keçirilir?
Fikrət Ələsgərli bildirir ki, bu maddələrin çoxu bədən boşluğu vasitəsilə keçirilir. Hətta bir dəfə incəsənət əsərinin çərçivəsində də heroin aşkar edilib. Qaçaqmalçılıqla məşğul olan şəxslər narkotik maddəni boru vasitəsilə çərçivələrə doldurublar. İşbazlar narkotik maddəni gömrükdən keçirmək üçün hətta onu kartof halına da salıblar.
Xəbəri paylaş