Beynəlxalq Olimpiya Komitəsinin (IOC) sabiq prezidenti Jak Roqqe 79 yaşında vəfat edib.
RegionTV.info-nun məlumatına görə, bununla əlaqədar IOC-un mətbuat xidməti başsağlığı mətni yayıb.
Roqqe idmançı kimi reqbi üzrə Belçika çempionu, yelkən idmanı üzrə dünya çempionu və 16 qat Belçika çempionu olub. Yelkən idmanı növündə o, 1968, 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarına qatılıb. Karyerasını bitrdikdən sonra Roqqe Belçika Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti olub.
16 iyul 2001-ci ildə isə belçikalı funksioner Rusiyanın paytaxtı Moskvada keçirilmiş 112-ci Sessiyada IOC-un prezidenti seçilib. Roqqe bu vəzifədə 10 sentyabr 2013-cü ilədək çalışıb.
2002-ci il Solt-Leyk Siti Qış Olimpiya Oyunlarında o, IOC prezidentləri arasında ilk dəfə beşulduzlu oteldə yox, idmançılarla birgə Olimpiya Kəndində qalıb.
Qeyd edək ki, Jak Roqqe həm EOC, həm də IOC prezidenti kimi Azərbaycana səfərlər edib. 21 oktyabr 2000-ci ildə o, Bakıda olarkən, Prezident Heydər Əliyevlə görüşündə Azərbaycan Milli Olimpiya Komitəsinin əldə etdiyi uğurlarından böyük qürur hissi duyduğunu bildirərək, onu yeni yaranmış milli olimpiya komitələrinə nümunə göstərib.
Xəbəri paylaş